Azərbaycan çaparı Camal Rəhimov Fransada keçirilmiş beynəlxalq Qran-pri turnirində iştirak etmişdir

Bakı, 6 noyabr (AzərTAc). Fransanın Lion şəhərində atçılığın konkur növü üzrə CSİ5* kateqoriyalı beynəlxalq Qran-pri turniri keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarışda dünyanın ən güclü 50 idmançısı birincilik uğrunda mübarizə aparmışdır. Turnirdə Azərbaycanı “Uorrior” ləqəbli atla Camal Rəhimov təmsil etmişdir.
İdmançımız təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəlmişdir. Həlledici mərhələdə C.Rəhimov maneələri uğurla dəf etsə də, limiti 2 saniyə keçmişdir. Nəticədə, o, 15-ci olmuşdur.
C.Rəhimov gərgin rəqabətdə bir neçə titullu idmançını geridə qoymuşdur. Bunların sırasında dünyanın 1-ci reytinqli çaparı Ben Maher, Olimpiya çempionu Gerh Şloder və Avropa çempionu Roc Bosti vardır.