Yokota Murakami Takayuki: Naxçıvanda gördüklərim yaddaşımdan uzun müddət silinməyəcəkdir

Naxçıvan, 6 noyabr (AzərTAc). Bu, mənim Azərbaycana ikinci, Naxçıvana isə ilk səfərimdir. Mən Naxçıvanı gəzərkən zəngin təəssüratlarım yaranmışdır. Təbiət, dağlar və qarşıda gördüyümüz Araz çayı qəribə bir vəhdət yaradır. İnsanlarınızın dostyana münasibəti və mehribanlığı da diqqəti çəkir.
Bu sözləri AzərTAc-a müsahibəsində Yaponiyanın Osaka Universitetinin professoru Yokota Murakami Takayuki demişdir.
Professor qeyd etmişdir ki, biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Muzeyində olduq. Qeyd etməliyəm ki, Heydər Əliyevin həyatı və fəaliyyəti barədə bu muzeyin zəngin ekspozisiyası ziyarətçilərə kifayət qədər məlumat verir. Naxçıvandakı qədim tarixi ənənələrdən xəbər verən abidələr isə, yəqin ki, mənim yaddaşımdan uzun müddət silinməyəcəkdir. XII əsrdə belə bir möhtəşəm abidəni - Möminə xatın türbəsini inşa edən xalqın qədim memarlıq və arxitektura ənənələrinə sahib olduğu şəksizdir.
Bütün bunlar bu gün Azərbaycanın yüksək səviyyədə inkişafının təsadüfi olmadığını göstərir.