Ötən 9 ayda Azərbaycanın xarici ticarət dövriyyəsində 16,5 milyard dollarlıq müsbət saldo yaranmışdır

Bakı, 6 noyabr (AzərTAc). Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac olunmuş, 137 ölkədən əmtəə idxal edilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artmışdır. Dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşmüş, nəticədə 16,5 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları və avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard dollara çatmışdır. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı isə 14,2 dollar artaraq 135,8 dollara bərabər olmuşdur.