İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır

Bakı, 6 noyabr (AzərTAc). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun daxili informasiya sisteminin yaradılması istiqamətində iş aparılır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda “D-Link” şirkəti tərəfindən “Müsabiqə layihələrinin elektron qəbulu sistemi”nin proqram təminatı hazırlanır. Proqram təminatı vasitəsilə qrantların, kreditlərin faiz dərəcələrinin hesablanması, layihələrin qəbulu, kreditlərin ayrılması və fondun digər qurumlarla və müvəkkil bank və bank olmayan kredit təşkilatları ilə işinin həyata keçirilməsi nəzərdə tutulur. Yaradılacaq ümumi məlumat bazasının üzərindən fondun banklarla qarşılıqlı işi təşkil ediləcəkdir. Banklara müvafiq proqram təminatı və internet xidmətləri pulsuz təqdim olunacaqdır.
Bununla yanaşı, fondun rəsmi saytı “www.ictfund.gov.az” və ümumi daxili informasiya sistemi təkmilləşdirilir. İlin sonunadək informasiya texnologiyaları təchizatı üzrə işlər başa çatdırılacaqdır.