Beyləqanda yeni meşə əkinlərinə başlanılmışdır

Beyləqan, 6 noyabr (AzərTAc). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Beyləqan Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AzərTAc-a bildirmişlər ki, rayonun meşə fondu 9500 hektardır. Bu ilin yaz mövsümündə 31 hektar sahədə göyrüş, akasiya, qarağac və digər ağac cinslərindən ibarət yeni meşələr salınmış, 60 hektar meşələrdə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 0,2 hektar sahədə 10 min ədəd qələm basdırılmış, 1,5 hektarda (28 min ədəd) böyütmə sahəsi yaradılmışdır. 2 hektar sahədə tinglik səpilmiş, 800 kiloqram iydə, 600 kiloqram palıd, 15 kiloqram şam toxumu tədarük edilmişdir.
Noyabrın 1-dən yeni meşə əkinlərinə başlanılmışdır. İlin sonunadək daha 69 hektarda palıd, qarağac, göyrüş, akasiya və digər ağac cinslərindən ibarət yeni meşələrin salınması nəzərdə tutulmuşdur.