Əmlak qeydiyyatı ilə məşğul olan işçilər üçün xidmət standartları və davranış qaydaları hazırlanır

Bakı, 6 noyabr (AzərTAc). Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün xidmət standartları və davranış qaydaları hazırlanır.
ƏMDK-dan AzərTAc-a bildirmişlər ki, layihədə Əmlak Məsələləri Dövlət Komitəsi üçün strategiya planı və onun qurumları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün də biznes plan hazırlanmışdır. Bu planın mühüm hədəflərindən biri ərazi qeydiyyat idarələrində müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və şəffaflığın artırılması əsas hədəf kimi nəzərdə tutulur.
Burada başlıca məqsəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlərin səviyyəsinin qaldırılması, vətəndaş-məmur münasibətlərinin şəffaf mexanizmlər əsasında qurulması, elektron informasiya vasitələrindən istifadə etməklə vətəndaşların əmlak hüquqlarının qısa müddət ərzində rəsmiləşdirilməsidir.
Nəticədə əldə ediləcək xidmət standartları qeydiyyat sisteminin modern əsaslarla inkişafına, şəffaflığın və çevikliyin artırılmasına, işçilərin məsuliyyətinin və nəzarət tədbirlərinin gücləndirilməsinə zəmin yaradacaqdır.
Bu tədbir ölkəmizdə həyata keçirilən açıq hökumət prinsiplərinin, ictimai etimad və vətəndaş məmnunluğu meyarlarının bərqərar olmasına və təkmilləşdirilməsinə yönəlmişdir.