Parisdə AŞPA-nın monitorinq və hüquq məsələləri və insan haqları komitələrinin iclasları keçiriləcəkdir

Bakı, 6 noyabr (AzərTAc). Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın monitorinq və hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-də Parisə səfərə yola düşmüşlər. 
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Avropa Şurasının insan orqanları ilə ticarətlə mübarizəyə dair Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatları tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Səfər noyabrın 8-də başa çatacaqdır.