Nüfuzlu “Кiевскiй телеграфЪ” nəşri III Bakı Beynəlxalq Humanitar Forumu haqqında analitik məqalə dərc etmişdir

Kiyev, 5 noyabr (AzərTAc). Nüfuzlu və populyar “Кiевскiй телеграфЪ” nəşri öz səhifələrində qəzetin baş redaktoru, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Vladimir Skaçkonun “Bakısayağı körpü-mayak” sərlövhəli analitik məqaləsini yerləşdirmişdir. 
Məqalədə deyilir: “Azərbaycanın paytaxtında üçüncü dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu “Azərbaycan forumu” da adlandırmaq olar. Çünki tədbirin qonaqlarını adəti üzrə təkcə nailiyyətlər vitrininə çevrilmiş paytaxtla deyil, həm də ölkənin digər regionları ilə tanış edirlər. Forumun iştirakçılarına Azərbaycanın başqa şəhər və regionlarını – Naxçıvan, Qəbələ, Lənkəran və Gəncəni gəzmək təklif olunur. Azərbaycan hər yerdə qonaqlarını layiqincə qarşılayır. Əla yollar, gözəl və rahat otellər, bərpa olunmuş mədəniyyət abidələri...
Azərbaycanın qonaqlara göstərəsi nailiyyətləri çoxdur, onun qonaqları üçün də görüb-götürməli olduğu şeylər az deyildir. Bunu demək kifayətdir ki, əvvəlki vaxtlarda ölkədə münasib mehmanxanaların sayı ondan çox deyildi, indi isə 3-4-5 ulduzlu təqribən 500 otel vardır. Bu otellər bütün ölkədə bərabər şəkildə paylanmışdır”.
Ukrayna jurnalisti öz oxucularına Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətindən, iqtisadiyyatda ölkənin qazandığı möhtəşəm uğurlardan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda daxili sülh və əmin-amanlığın əsası kimi multikulturalizmin inkişafından, Ermənistanın təcavüzündən və onun Azərbaycan ərazilərini işğal etməsindən söhbət açır.
V.Skaçko qeyd edir ki, forumda yekdilliklə islamofobiyanın aradan qaldırılmasının zəruriliyindən danışılmışdır.
Məqalədə deyilir: “Jurnalistikanın başqa daşıyıcılara “köçürülməsi ilə” əlaqədar olaraq hazırda mürəkkəb transformasiya prosesi keçirən kütləvi media problemi də xüsusi müzakirə obyekti olmuşdur: köhnə KİV-lər ölür və yeniləri yaranır. Məsələn, internetdəki sosial şəbəkələr və mobil rabitə artıq mobil jurnalistikanı doğurmuşdur, hətta müvafiq termin də yaranmışdır: “moco”. O, daha operativdir, daha asanlıqla özünə yol açır və bəlkə də heç bir məsuliyyət daşımır, yalan, təbliğat və ictimai şüuru manipulyasiya vasitəsi kimi istifadə oluna bilər. Mediaya həsr olunmuş “dəyirmi masa”nın iştirakçıları da yaxınlaşmaqda olan “fəlakətin” aforistik təsvirini verməkdən çəkinməmişlər”.
Müəllif belə hesab edir ki, forum və ona bənzər tədbirlər Azərbaycan üçün mayakdır, gələcəkdə o, bu mayakın işığına doğru hərəkət etməlidir.
Məqalə bu sözlərlə bitir: “.. Heç kəsə birləşmək istəməyən, öz müstəqil siyasətini yeritmək istəyən Azərbaycandan fərqli olaraq nədənsə Ukrayna daim kiminsə kölgəsində gizlənməyə çalışır. Velosiped ixtira edib sonradan onu başqasının qarajında yerləşdirməyə cəhd göstərməkdənsə, ətrafına daha diqqətlə nəzər salıb kiminsə təcrübəsini araşdırmaq daha yaxşı olardı”. Məqalənin tam mətni ilə http://telegrafua.com/country/14521/ resursunda tanış olmaq olar.


Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev