Vaqif Sadıqov: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın daxili və xarici siyasətində əldə olunan növbəti uğurdur

Roma, 5 noyabr (AzərTAc). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın daxili və xarici siyasətində əldə olunan növbəti uğurdur.
Bu sözləri Azərbaycanın İtaliyadakı səfiri, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Vaqif Sadıqov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunun tarixindən danışan səfir bildirmişdir ki, ilk dəfə 2011-ci ildə keçirilmiş Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Böyük əhəmiyyətə malik olan və artıq ənənə halı alan Forum üçüncü dəfədir ki, paytaxtımızda yüksək səviyyədə təşkil olunmuşdur.
Vaqif Sadıqov bildirmişdir ki, Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak etmişlər. Forum ictimai-siyasi, sosial, iqtisadi, dini, elmi və digər sahələrə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratmışdır. Bakı artıq həqiqətən də mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmişdir.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar göz qabağındadır. Tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir çox ölkələrin nümayəndələri Azərbaycanın sürətli inkişafının şahidi olduqlarını vurğulamışlar. Respublikamızda son illər qazanılan uğurlar başqa ölkələr üçün örnək ola bilər.
Vaqif Sadıqov demişdir ki, İtaliyanı təmsil edən nümayəndə heyəti paytaxtımızda keçirilən hər üç Forumda iştirak etmişlər. Cari ildə təşkil edilən Forumda İtaliya 40 nəfərdən çox nümayəndə ilə təmsil olunmuşdur. Nümayəndə heyəti deputatlar, KİV-lərin təmsilçiləri, alimlər, siyasətçilər və iş adamlarından ibarət olmuşdur. İtaliya nümayəndələri Forumun bir sıra bölmə iclaslarında əsasən məruzəçi qismində çıxış etmişlər. Forumun işindən razılıqlarını bildirən nümayəndə heyətinin üzvləri tədbirin təşkilini yüksək qiymətləndirmiş, panellərdə, bölmə iclaslarında səslənən fikirlərin, müxtəlif mövzularda aparılan müzakirələrin nə dərəcədə əhəmiyyətli olduğunu dilə gətirmişlər.
Diplomat diqqətə çatdırmışdır ki, Forum çərçivəsində İtaliyanı təmsil edən nümayəndələr müxtəlif qurumların, təşkilatların, bir sıra təhsil ocaqlarının qonağı olmuş və görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivləri geniş şəkildə müzakirə olunmuşdur.
Bildirilmişdir ki, italiyalı qonaqlar dünyanın ən tolerant ölkələrindən biri olan Azərbaycanda bütün dinlərin nümayəndələrinin dostluq şəraitində dinc yanaşı yaşadığının şahidi olmuşlar. İtaliya nümayəndə heyəti dövlətimiz tərəfindən ölkə ərazisində yaşayan bütün xalqların ənənələrinə xüsusi diqqət yetirilməsi və dini dəyərlərin qorunub saxlanılması üçün hər cür şəraitin yaradılmasını yüksək qiymətləndirmişdir. Bu da Azərbaycanın necə bir tolerant ölkə olmasından xəbər verir.
Vaqif Sadıqov vurğulamışdır ki, Azərbaycan həqiqətlərinin yayılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş meydan açan Forumun iştirakçıları Bakının gözəlliyinə valeh olmuşlar. Bu cür tədbirlərin ənənə halı alması və paytaxtımızın artıq çox mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi Azərbaycanın güclü bir dövlət kimi tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. O demişdir: “Əminəm ki, Forum məqsədinə nail ola bilmişdir”.

Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma