Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir

Bakı, 4 noyabr (AzərTAc). Noyabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası parlamentinin incəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Cənubi Afrika Respublikası arasındakı əlaqələrdən danışan N.Cəfərov mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin də əhəmiyyətini qeyd etmişdir. O, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına təkan verəcəyini diqqətə çatdırmışdır.
N.Cəfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Tandili Sunduza III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmışdır. O demişdir ki, Forumda müzakirə olunan məsələlər bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.