Seda Gökmen: Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasını bir yerə toplamaq baxımından böyük əhəmiyyətə malikdir

Bakı, 3 noyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasını bir yerə toplamaq baxımından böyük əhəmiyyətə malikdir.
AzərTAc xəbər verir ki, bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Ankara Universitetinin nümayəndəsi Seda Gökmen AzərTAc-a müsahibəsində söyləmişdir.
Forumun yüksək səviyyədə təşkil edildiyini deyən Seda Gökmen bildirmişdir ki, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və ölkənin müsbət imicinin daha da artmasına imkan yaradır.
Seda Gökmen diqqətə çatdırmışdır ki, Forumun çoxsaylı iştirakçıları dünyanı narahat edən məsələlər ətrafında maraqlı və geniş müzakirələr apardılar. Tədbir çərçivəsində keçirilən “dəyirmi masa”lar səmərəli diskussiyalarla yadda qaldı.
Türkiyəli qonaq Bakının gözəlliyinin, Azərbaycan xalqının səmimiliyi və qonaqpərvərliyinin onda dərin təəssüratlar yaratdığını söyləmişdir.