Anton Karagea: Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox əhəmiyyətli bir qərardır

Bakı, 3 noyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox əhəmiyyətli bir qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, alimlər, ictimai-siyasi xadimlər, elm adamları bir araya gəlirlər.
Bu sözləri AzərTAc-a müsahibəsində III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rumıniyanın Beynəlxalq Əlaqələr və İqtisadi Əməkdaşlıq İnstitutunun direktoru, professor Anton Karagea demişdir.
O, III Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çox dəyərli fikirlər söylədiyini bildirmişdir. Əlavə etmişdir ki, biz Azərbaycan Prezidentinin dediyi fikirləri ürəkdən dəstəkləyirik.
A.Karagea vurğulamışdır ki, Humanitar Forum müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrilmişdir. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.