Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar

Şəki, 3 noyabr (AzərTAc). Noyabrın 3-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının bir qrupu Şəkidə olmuşdur.
AzərTAc xəbər verir ki, 135 nəfərlik qrup dünyanın bir sıra ölkələrini, beynəlxalq qurumları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət olmuşdur.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq Forum iştirakçılarının böyük marağına səbəb olmuşdur. Milli geyimli qızlar sarayın girişində qonaqlara şərbət paylamışlar. Məlumat verilmişdir ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - təqribən 1761-1762-ci illərdə tikilmişdir. Üç yüz kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmamışdır.
Qonaqların diqqətinə çatdırılmışdır ki, düz 250 ildir ki, Şəki xanlarının sarayı öz bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir. Ötən ilin iyulunda sarayın 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları Forum iştirakçılarında xüsusi maraq oyatmışdır. Qonaqlar sarayın qarşısında xatirə şəkilləri çəkdirmişlər.
Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət etmişlər. Məlumat verilmişdir ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilmişdir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl birinci-bizim eranın birinci əsrləri) aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, həmçinin, məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olmuşdur.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı Forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleksdə 300-ə yaxın otaq və zirzəmi vardır. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə Məscidini də ziyarət etmişlər.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar.