Misirin məşhur “Dostorasly” portalında III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə yerləşdirilmişdir

Əmman, 3 noyabr (AzərTAc). Misirin məşhur “Dostorasly” internet portalında III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə yerləşdirilmişdir.
Forumda iştirak edən jurnalist Məhəmməd Ramahın müəllifi olduğu məqalədə tədbirin siyasi, iqtisadi, humanitar, media və texnologiya sahələrində mövcud problemlərin müzakirəsi və həlli baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilir.
M.Ramah yazır ki, Forumda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak etmişdir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər olmuşdur. Forumda “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzularında “dəyirmi masa”lar keçirilmiş, səmərəli diskussiyalar aparılmışdır.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman