Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edilmişdir

Əmman, 3 noyabr (AzərTAc). Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində III Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edilmişdir. Məqalənin müəllifi qəzetin Forumda iştirak etmiş redaktor müavini Məhəmməd Sələmədir.
M.Sələmə yazır ki, 70 ölkədən çoxsaylı qonaqların, eləcə də Nobel mükafatı laureatlarının, sabiq prezidentlərin iştirak etdikləri Forumun açılışında Prezident İlham Əliyev nitq söyləyərək qloballaşma dövründə dünyada insan haqlarının qorunmasına, beynəlxalq əməkdaşlıq məsələlərinə, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar arasında dialoqa lazımi diqqət göstərilməsinin, sülh və tolerantlıq dəyərlərinin yayılmasında yaxından iştirak etməyin vacibliyini vurğulamışdır. Müəllif əlavə edir ki, Prezident İlham Əliyev, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından ayrı düşdüyünü, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməyə Ermənistanın məhəl qoymadığını qonaqların diqqətinə çatdırmışdır.
Məqalədə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin Forumun açılışındakı çıxışına da yer verilmişdir. Müəllif yazır ki, İSESCO-nun baş direktoru Prezident İlham Əliyevin istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə böyük önəm verdiyini, tolerantlığın və dialoqun inkişafı istiqamətində mühüm səylər göstərdiyini vurğulamış, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə rəsmi Yerevanın hörmət etməməsindən təəssüfləndiyini bildirmişdir.
Məqalədə zorakılıq, təcridolunma, ekstremizm, islamofobiya kimi dünyanı narahat edən problemlərin kökündə duran məsələləri araşdırmaqda, insan haqlarının qorunmasında, dözümlülük və dialoqun təşviqində Humanitar Forumun xüsusi önəm daşıdığı vurğulanmışdır.

Asya Hacizadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman