Tengiz Txilava: Azərbaycan Ermənistanın düşdüyü çıxılmaz vəziyyətdən yeganə çıxış yolunu dəfələrlə göstərib

Tbilisi, 17 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iyulun 16-da Tbilisidə görüşü region ölkələrinin diqqət və marağına səbəb olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə böyük diqqət və böyük maraq doğurur, lakin təbii ki, regional hadisələri, xüsusilə dövlətlərarası münaqişələrin həllini də unutmaq olmaz.
“Nazir Ceyhun Bayramovun dövlətlərarası münasibətlərin münaqişədən sonrakı reallıqlar əsasında nizamlanmasının vacibliyi ilə bağlı bəyanatı onu göstərir ki, Azərbaycan öz mövqelərində möhkəm dayanıb və münaqişənin bütün illəri ərzində tutduğu çox aydın xətti davam etdirir”, - deyə politoloq qeyd edib.
O bildirib ki, çox güman Ermənistan rəhbərliyi bəzi ölkələrin münaqişəyə rəsmi İrəvanın xeyrinə müdaxiləsi ilə bağlı müəyyən illüziyalar yaratmağa başlayır. Keçmişdə isə bu cür cəhdlər ayrı-ayrı siyasətçilərin qeyri-müəyyən bəyanatları ilə məhdudlaşırdı. Sonralar isə bu bəyanatlar çox vaxt onlar və ya onların ölkələrinin rəsmi dairələri tərəfindən təkzib edilirdi. Xüsusilə nəzərə alsaq ki, indi nə Rusiya, nə də Avropa üçün Ermənistan o qədər də əhəmiyyət kəsb etmir, o zaman bu ölkə rəhbərliyindən məsələnin real həlli istiqamətində konkret və müstəqil addımlar gözləmək olar.
T.Txilava deyib: “Azərbaycan Ermənistanın düşdüyü çıxılmaz vəziyyətdən yeganə çıxış yolunu dəfələrlə açıq şəkildə göstərib. Azərbaycanın ərazi bütövlüyünün tanınması, Qarabağda vəziyyəti gərginləşdirmək cəhdlərinin dayandırılması, müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə regional əməkdaşlığa cəlb olunması - bu, konkret yoldur. Çox güman ki, Ermənistan gec-tez bu yoldan keçməli olacaq”.
Görüşün Tbilisidə keçirilməsinin çox xoş olduğunu bildirən siyasətçi deyib: “Gürcüstan regional siyasətini daha da gücləndirməlidir. Burada bizim qonşu dövlətlərin prezidentləri səviyyəsində görüş keçirilsə, daha xoş olar. Əminəm ki, sonda biz regionun üç ölkəsinin real, səmimi əməkdaşlığının və mehriban qonşuluğunun şahidi olacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi