Kamal Məmmədov: Azərbaycan paralimpiyaçılarının qazandığı uğurlarda əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk

Tokio, 31 avqust, AZƏRTAC

Tokio Paralimpiya Oyunlarında idmançılarımızın qazandığı böyük uğurlarda əməyi olan hər kəsə böyük və səmimi minnətdarlığımızı bildiririk. Lakin yarışlar hələ davam edir, idmançılarımızın yalnız yarısı yarışlara qatılıb və əminəm ki, digər paralimpiyaçılarımız da uğurla çıxış edəcəklər.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov deyib. K.Məmmədov bildirib ki, artıq yarışların altı günü arxada qalıb və ötən dövrdə bizim komanda 9 qızıl və dörd bürünc medal qazanaraq 163 iştirakçı ölkə arasında 8-ci yerdədir. Əgər bizdən öndə olan Çin, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna və Braziliya kimi ölkələrin əhali sayını və idman potensialını müqayisə etsək, mən deyərdim ki, cəmi 10 milyon əhalisi olan Azərbaycan faiz nisbətində əldə etdiyi uğurlarla bu dövlətlərdən öndə dayanar.
Baş katib vurğulayıb ki, bu qələbələrin əsasında Azərbaycanda idmana göstərilən böyük diqqət və qayğı dayanır: “Paralimpiyaçılarımız adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəstək və sosial şəbəkələrdə təbriklərinə görə təşəkkür edirik. Bu, idmançılarımız üçün böyük motivasiyadır”.
Yarışlar zamanı komandamızın qarşılaşdığı çətinliklərə toxunan K.Məmmədov bildirib ki, “Rio-2016” Paralimpiya Oyunlarının qalibi olmuş Ramil Qasımovda COVID-19-un gözlənilmədən aşkar olunması, nəticədə əvvəlcə 11, sonra daha 8 nəfərin karantinə alınması idmançılarımıza güclü psixoloji təsir göstərib: “Lakin onların komandadan tamamilə təcrid olunması, yalnız karantin şərtlərinə uyğun qida məhsullarından istifadə etmələri, məşq zalları əvəzinə balaca otaqların ayrılması, hətta təmiz havadan məhrum edilmələrinə baxmayaraq, paralimpiyaçılarımız sınmadılar. Əksinə böyük əzm və iradə nümayiş etdirərək, arzulanan nəticəni əldə etdilər. Yəni bu şərait nəinki onları sındırmadı, əksinə daha da döyüşkən, mübariz etdi. Fikrimcə, bunun kökündə Qarabağ zəfərinin yaratdığı böyük ruh yüksəkliyi dayanır. Başqa amillər belə yüksək psixoloji əzmi sındıra bilməz. İdmançılarımız sözün həqiqi mənasında böyük performans nümayiş etdirdilər. Qarşıya qoyulan vəzifələri tamamilə yerinə yetirməyə nail oldular”.
Bununla yanaşı, bəzi nöqsanların da olduğunu qeyd edən baş katib qeyd edib ki, AMPK rəhbərliyi onların hamısını görür və aradan qaldırmaq üçün müvafiq addımlar atır. Komitənin prezidenti İlqar Rəhimovun dediyi kimi, bizim hər bir idmançımız Paralimpiya Oyunlarına medal qazanmaq üçün gəlib və biz bu istiqamətdə lazım olan bütün tədbirləri görəcəyik.
İdmançıların əldə etdiyi uğurlarda yalnız komitənin əməkdaşlarının, məşqçilərin deyil, həmçinin digər əlaqədar qurumların da lazım olan dəstəyi göstərdiyini vurğulayan K.Məmmədov paralimpiyaçıların həm Yaponiyada qarşılanmasında, müvafiq obyektlərə yerləşdirilməsində, məşqlərin təşkilində, karantin ilə əlaqədar qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında Azərbaycanın Yaponiyadakı Səfirliyinin xüsusi əməyinin olduğunu deyib. Bildirib ki, həm Paralimpiya Oyunlarına hazırlıq, həm də yarışlar dövründə Yaponiyadakı diplomatik heyəti səfərbər edən Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə, eyni zamanda, bütün yarışlara şəxsən qatılaraq idmançılarımızı dəstəkləyib, onları ruhlandırmağa , qələbə əzmlərini artırmağa çalışıb. Onun bizə diqqətini, qayğısını hər addımda hiss etmişik: “Hələ yarışlara hazırlıq dövründə bizim əməkdaşların tez-tez Gürsel müəllim haqqında işlətdiyi xoş ifadələr, komandamızın bir üzvünə çevrilərək onlarla birlikdə Yaponiyada idmançılarımız üçün hər cür şəraiti təmin etməyə çalışması məndə bu insanla tezliklə tanış olmaq, onu yaxından tanımaq marağı yaratmışdı”.
Yarışlar zamanı ilk qızıl medalın təqdim edilməsi mərasimində baş verənləri xatırladan baş katib həmin an səfirin də keçirdiyi hisslərin şəxsən şahidi olduğunu bildirib: “Sizə çox təsirli bir anı danışmaq istəyirəm. Bizim Şahanə ilk qızıl medalı qazananda Azərbaycan himni altında bayrağımızın qaldırılması və bütün zalın ayağa qalxması anında mən özümü saxlaya bilmədim, başımı yanımda dayanan Gürsel müəllimə sıxıb hönkür-hönkür ağladım. Bu, həmin an mənim içimdən gələn ən böyük hisslər idi. Bu böyük qürurun, sevincin yaratdığı həmin müqəddəs hisslər çox səmimi insan olan Gürsel müəllimi də kövrəltmişdi.
Yəni demək istəyirəm ki, belə anlarda insanın əsil vətənpərvərliyi, ana torpağa, dövlətçiliyə, himnə, bayrağa olan məhəbbəti bir anın içərisində ortaya çıxır. Final görüşlərini bizimlə birlikdə izləyən səfirimiz sanki uşaq kimi əlində bayrağımız bizimlə birlikdə qışqırır, əl çalır, idmançılarımızı dəstəkləyirdi. Məhz belə münasibət Yaponiyada bizə özümüzü yad, yabançı kimi deyil, əksinə doğma insanların arasında çox rahat hiss etmək imkanı yaratmışdı”.
Paralimpiyaçılarımızın böyük qələbələrinin bütün komanda üzvlərində yüksək əhval-ruhiyyə yaratdığını vurğulayan K.Məmmədov, xalqımıza bu sevinci yaşatdıqlarına görə özlərini xoşbəxt hiss etdiklərini deyib: “Azərbaycan xalqının bütün sosial şəbəkələrdə, kütləvi-informasiya vasitələrində idmançılarımızı dəstəkləməsi, uğurlarımıza sevinməsi həqiqətən bizi çox xoşbəxt edir. Həmçinin Yaponiyadakı diaspor fəallarımıza, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Koronavirus pandemiyasına baxmayaraq, bu insanlar daim bizim yanımızdadırlar və bizim yükümüzü yüngülləşdirmək üçün əllərindən gələn köməyi əsirgəmirlər. Bizə olan bu inamı doğrulda bildiyimizə görə özümüzü xoşbəxt hiss edirik. Tokiodan hamıya qucaq dolusu salamlar göndəririk”.
Qeyd edək ki, Tokio Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio