Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində çox önəmli mesajlar verdi

Bakı, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı bir sıra istiqamətlər üzrə vacib məqamlara toxundu. Bu istiqamətləri ayrı-ayrılıqda təhlil etdikdə məsələlərin məğzində önəmli mesajların verildiyini görərik. Dövlətimizin başçısı yerli səviyyədə Azərbaycanın gələcək inkişafı ilə bağlı konkret istiqamət göstərir, bir sıra sahələr üzrə konturları cızırdısa, beynəlxalq sahədə ədalətsizliyə qarşı açıq mövqe ortaya qoyurdu. Mən xüsusi olaraq pandemiya vaxtı Azərbaycanda yaranan vəziyyət, dünyada bu sahədə baş verən proseslərlə bağlı məsələlərə toxunmaq istərdim.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat deyib: “Dövlətimizin başçısının da qeyd etdiyi kimi, COVID-19 sahəsində aparılan işlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərərlə çıxan ölkələrdəndir. Düzdür, bütün dünyada olduğu kimi ölkəmizdə də iqtisadi çətinliklər yaranıb. Amma biz öz regionumuzda olan ölkələrlə, eyni zamanda, əhali sayı Azərbaycanla eynilik təşkil edən dövlətlərlə müqayisə aparsaq ölkəmizin bu sahədə ən az zərərlə çıxan dövlətlərdən olduğunun şahidi olarıq. Birbaşa olaraq dövlətimizin başçısının xüsusi tapşırıqları ilə atılan addımlar nəticəsində Azərbaycanda ölüm sayı az oldu, xəstələr üçün yeni maddi-texniki baza yaradıldı, sahibkarlara əlavə subsidiyalar verildi, əhalinin aztəminatlı hissəsinə maddi dəstək göstərildi və s. Bundan başqa, beynəlxalq səviyyədə Azərbaycan pandemiya ilə mübarizəyə töhfə verdi. Bu gün Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə kifayət qədər yaxşı əlaqələri var və bu qurum ölkəmizin pandemiya ilə mübarizəsini uğurlu təcrübə kimi dəyərləndirir. Dövlətimizin başçısı, eyni zamanda, böyük dövlətlərin bu məsələdə müstəmləkəçiliyin yeni formasından istifadə etdiyini açıq şəkildə ifadə etdi. Həmin ölkələr müstəmləkəçiliyin formasını dəyişsələr də məzmununu eyni saxlayıblar. Prezidentin də dediyi kimi, bu neomüstəmləkəçilikdir. Qoşulmama hərəkatına rəhbərlik edən bir dövlət kimi Azərbaycan Prezidenti bu problemə açıq və sərt mövqe göstərdi. Konkret faktlarla Kanada kimi ölkələrin çirkin, qısqanc mövqeyini nümayiş etdirdi. Eyni zamanda, xüsusi olaraq qeyd etdi ki, Azərbaycan hər zaman COVID-19 sahəsində ədalətli, bərabər mübarizənin tərəfdarı və carçısı olacaq. Düşünürəm ki, burada diqqət etməli olduğumuz xüsusi bir məqam var. Dövlətimizin başçısı qlobal səviyyədə ədalətsizliyə qarşı konkret mövqe ortaya qoyur və buna qarşı sərt münasibət bildirir. Bu hal müasir dünyada yalnız güclü dövlətlərə xasdır. Azərbaycan Prezidentinin bu çıxışı bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun başçısının isə dünya səviyyəli lider olduğunu göstərdi.