Şərəf Malkoç: Azərbaycan ərazisinin bir hissəsinin işğal altında saxlanılması böyük ədalətsizlikdir

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycana hər gəlişimdə bu ölkədə böyük inkişafın şahidi oluram. Bu, sevindiricidir. Çünki Azərbaycanın inkişafı Türkiyənin də inkişafı deməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin insan hüquqları üzrə baş müvəkkili Şərəf Malkoç bildirib.
Şərəf Malkoç qeyd edib ki, ölkələrimiz arasında təkcə mənəvi bağlılıq yoxdur. Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edir. Dövlətlərimizin başçılarının siyasi iradələri ilə həyata keçirilən layihələrin və tədbirlərin nailiyyətləri göz qabağındadır. Bir neçə gün əvvəl açılışı olmuş STAR neft emalı zavodunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın və Türkiyənin birgə reallaşdırdığı nəhəng transmilli layihələr regionda və dünyada sabitliyə, inkişafa və əməkdaşlığa təkan verir.
Baş müvəkkil bildirib ki, Azərbaycanın böyük nüfuza sahib olması ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, xüsusilə də Beynəlxalq Humanitar Forumdan, eləcə də Dayanıqlı İnkişafa dair Bakı Forumundan aydın görünür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Şərəf Malkoç vurğulayıb ki, Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanılması böyük ədalətsizlikdir. Beynəlxalq təşkilatlar mütləq buna ədalətli qiymət verməlidirlər. Bu, təkcə Azərbaycanın deyil, Türkiyənin də sağalmaz yarasıdır.