Fərid Əyar: BMT dezinformasiya siyasətini qadağan edən qərarlar qəbul etməlidir

Bakı, 27 oktyabr, AZƏRTAC 

Yanlış informasiya insanlara, təşkilatlara, bütövlükdə ölkələrə çox ciddi ziyan vura bilər. Biz xəbərləri mütləq analiz etməli, onların dəqiqliyini araşdırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar jurnalistlərə müsahibəsində deyib.
Fərid Əyar bildirib ki, bəzi böyük dövlətlər kiçik dövlətlərə qarşı dezinformasiya siyasəti həyata keçirirlər və bunun da məqsədi əksər hallarda həmin dövlətlərdə qarışıqlıq salmaq olur. Dünya xalqları sülh şəraitində yaşamaq istəyir. Bu, mütləq nəzərə alınmalıdır. Ona görə də təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanmalıdır. BMT dezinformasiya siyasətini qadağan edən qərarlar qəbul etməlidir və bu qərarlara əməl olunmalıdır.
Fərid Əyar vurğulayıb ki, beynəlxalq platformalarda aparılan müzakirələr bu cür problemlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Bakı, xüsusilə burada keçirilən Beynəlxalq Humanitar Forum bunun üçün ideal seçimdir. Forum çərçivəsində AZƏRTAC tərəfindən təşkil edilmiş “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda sessiya bu baxımdan olduqca önəmlidir.