Fərhad Turanlı: Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü təqdirəlayiqdir

Bakı, 27 oktyabr, AZƏRTAC 

Bakının beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti ondan ibarətdir ki, sessiya və panel iclaslarında müasir dünyamızı narahat edən vacib məsələlər, elmin prioritet istiqamətlərində müxtəlif mövzular müzakirə edilir. Azərbaycanda ali təhsil almış əcnəbi məzunların Forum çərçivəsində ilk görüşünün keçirilməsini yüksək dəyərləndirirəm. Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü təqdirəlayiq haldır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Humanitar Forum çərçivəsində ADA Universitetində keçirilən “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa”nın iştirakçısı, Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru Fərhad Turanlı söyləyib.
O deyib: “Bu Assosiasiya məzun olmuş gənclərlə əlaqələrin gücləndirilməsində və onların öz ölkələrində Azərbaycan üçün vacib məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. Təbii ki, bu şəxslər Azərbaycana məhəbbət, hörmət bəsləyən insanlardır. Çünki onlar burada yaşayıb, təhsil alıb və Azərbaycanı yaxşı tanıyırlar. Eyni zamanda, bu şəxslər Azərbaycan üçün lobbiçilik fəaliyyəti göstərə bilərlər”.