Dayanıqlı İnkişafa dair Bakı Forumu işini başa çatdırıb

Forumun yekununda DİM-in milli səviyyədə inteqrasiyası və icrasının sürətləndirilməsinə dair Bakı prinsipləri qəbul edilib

Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun sonuncu - beşinci sessiyasının iştirakçıları "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzusunda müzakirələr aparıblar.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bəşəriyyətin üzləşdiyi ciddi ekoloji problemlər DİM üzrə həyata keçirilən fəaliyyəti xeyli ləngidir. Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir. Buna görə də təmiz suyun səmərəli idarə edilməsi DİM-ə nail olunmasında mühüm rol oynayır.
Nazir bu baxımdan Forumun sonuncu sessiyasında DİM-in həyata keçirilməsində iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması, bu sahədə hədəflərin milli siyasətlərə və strategiyalara uyğunlaşdırılması üçün səylərin gücləndirilməsi və ən yaxşı təcrübələrin öyrənilməsi ilə bağlı müzakirələrin aparılacağını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanda ümumi daxili məhsulun hazırlanmasında sərf olunan enerjinin miqdarının azaldılması istiqamətində qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, 2003-cü ildə Azərbaycanda atmosferə bir kiloqram karbon emissiyası atılırdı, hazırda bu rəqəm 200 qramadək azalıb. Bu, MDB ölkələri arasında ən aşağı göstəricidir. Bu, DİM-ə nail olmaq yolunda Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərdən biridir. Çünki enerji səmərəliliyi DİM-ə nail olmaq yolunda olduqca vacib amildir. Dünya Bankının göstəricilərinə əsasən, hazırda dünyada ümumi daxili məhsul istehsalında enerji səmərəliliyi nisbəti 100-dən çox olduğu halda Azərbaycanda bu rəqəm 88,9-dur. Azərbaycanın enerji səmərəliliyi indeksində üçüncü yerdə olması ölkəmizin bu sahədə mühüm nailiyyətlər qazandığını ortaya qoyur. Azərbaycan bu uğura müasir texnologiyalar və yeni idarəetmə metodu sayəsində nail olub.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli təmiz enerjinin iqlim dəyişikliyinə təsirindən və bu sahədə Azərbaycanın təcrübəsindən danışıb. Bildirib ki, Azərbaycanda alternativ enerji mənbələrindən istifadə üzrə dövlət proqramları, konsepsiyalar, yol xəritələri qəbul olunub və bunun sayəsində ölkəmiz müsbət nəticələrə nail olub. Bu gün Azərbaycanın qlobal çağırışları nəzərə alaraq formalaşdırdığı inkişaf modeli ölkənin iqtisadi tərəqqisinin yeni mərhələyə keçməsinə şərait yaradıb. Bu model yeni və daha yüksək hədəflər müəyyən etməyə və ona nail olmağa imkan verir.
N.Yusifbəyli qeyd edib ki, Azərbaycan ətraf mühitə atılan zərərli tullantıların 2030-cu ilədək 35 faiz azaldılmasını könüllü hədəf kimi müəyyən edib.
Son 15 ildə Azərbaycanda ümumi daxili məhsulun istehsalına sərf olunan enerjinin miqdarı və enerji müəssisələri tərəfindən atılan tullantılar iki dəfə, adambaşına düşən karbon tullantıları isə 1990-cı illə müqayisədə dörd dəfə azaldılıb.
Diqqətə çatdırılıb ki, görülən işlər nəticəsində Azərbaycan energetika, dayanıqlı inkişaf və ətraf mühit məsələləri üzrə hesabatlarda "enerji üçbucağı indikatoru" üzrə öz göstəricilərini 9 bal yaxınlaşdıraraq dünyada 36-cı pillədə qərarlaşıb.
BMT-nin Məskunlaşma (UN-Habitat) proqramının regionlararası məsləhətçisi xanım Katya Şafer Azərbaycana ilk dəfə 17 il əvvəl turist kimi gəldiyini və ötən müddətdə ölkəmizin sürətlə inkişaf etdiyini, Bakının daha da gözəlləşdiyini deyib. O vurğulayıb ki, şəhərlər sürətlə böyüdüyü və əhali artdığı üçün burada ətraf mühitin mühafizəsi sahəsində dayanıqlılığı təmin etmək nisbətən çətinləşir. Şəhərlərin ən böyük xüsusiyyəti onların iqlim dəyişikliklərinə ən çox mənfi təsir edən və bu təsirdən də ən çox zərər görən məkanlar olmasıdır. Şəhərlərdə dayanıqlılığın təmin olunmasında düzgün planlaşdırma əhəmiyyətli rol oynayır. Bu məsələ DİM-in şəhərlərlə bağlı müddəalarında da əksini tapıb. Yaxşı planlaşdırılmış şəhərlərin müsbət tərəfləri digər məqsədlərə də bilavasitə təsir edir.
Cenevrə Universitetinin professoru, Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedcazi bildirib ki, DİM-in 11-ci məqsədi şəhərləri daha təhlükəsiz və dayanıqlı olmasını nəzərdə tutur. Bu, digər məqsədlərə bilavasitə təsir göstərir. D diqqətə çatdırıb ki, elmin inkişafı şəhərlərdə dayanıqlılığı təmin etməklə bağlı müasir yanaşmaları mümkün edir. O, təqdimatında Bakı və Cenevrə şəhərlərinin dayanıqlılıq göstəriciləri arasında müqayisəli təhlil aparıb.
"Azərsu" ASC-nin Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov bildirib ki, dünyada 800 milyon insan təmiz su, 2 milyard insan isə sanitariya problemindən əziyyət çəkir. O, DİM-in təmiz su və sanitariya məqsədinin 8 hədəfdən ibarət olduğunu vurğulayaraq, Azərbaycanın su ehtiyatlarının məhdud olduğunu və bu rezervlərin 70 faizinin qonşu ölkələrdə formalaşdığını deyib. Bildirib ki, Azərbaycanda il ərzində adambaşına düşən suyun həcmi 3253 kubmetr təşkil etsə də, yalnız ölkə daxilindəki su mənbələri hesabına bu rəqəm 1051 kubmetr təşkil edir.
F.İmanov qeyd edib ki, Ermənistanın işğal etdiyi torpaqlarda yerləşən Sərsəng su anbarından ətraf bölgələrdə yaşayan əhali istifadə edə bilmir. Buna görə də quraşdırılan artezian quyuları həddən artıq istifadə olunduğu üçün onların qabiliyyətləri xeyli azalıb.
Son illərdə ölkəmizdə əhalinin su-kanalizasiya probleminin həlli istiqamətində görülən işlərdən danışan F.İmanov bildirib ki, 52 rayonda layihələr həyata keçirilib, 33 rayonda su təchizatı sistemləri inşa olunub. Həmçinin 10-dan çox şəhərdə kanalizasiya layihələri inşa olunur. Bundan başqa, regionlarda 10-a yaxın çirkab sutəmizləyici qurğu quraşdırılıb. Bu qurğulardan çıxan sular Avropa standartlarına uyğundur.
Çıxışlardan sonra Forumun bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, iki gün ərzində Azərbaycanda keçirilən iki mühüm forumda – VI Bakı Beynəlxalq Humanitar Forumunda və Dayanıqlı İnkişafa dair Bakı Forumunda olduqca səmərəli müzakirələr aparıldı, faydalı təkliflər irəli sürüldü. Əli Əhmədov forumların iştirakçılar üçün maraqlı olduğuna əminliyini bildirərək qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərini həyata keçirməklə biz öz gələcəyimizi daha işıqlı və firavan etməliyik. Bunun əksi hamıya məlumdur. Ona görə də bütün bəşəriyyət dünyamızı DİM-ə uyğun olaraq 2030-cu ilə qədər yaxşılaşdırmaq üçün addımlar atmağa sadəcə məhkumdur.
Baş nazirin müavini vurğulayıb ki, bu gün dünya ciddi addımlar atılmasa çox ağır durumla qarşılaşacaq səviyyəyə gəlib çatıb. Ona görə də bütün dövlətlər öz səylərini birləşdirməlidir. Vaxt az qalıb, qalan vaxtdan istifadə edib dünyamızı dəyişdirməyə nail ola biləcəyik.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Forumda DİM-ə nail olunması istiqamətində səmərəli müzakirələrin apardığını vurğulayıb. O, "gənc səfirlər"in təqdim edilməsinin və mükafatlandırılmasının tədbirin ən yaddaqalan anlarından olduğunu diqqətə çatdırıb. Qulam İshaqzai Forumun yekununda Bakı prinsiplərinin qəbul edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu sənədin DİM-ə nail olunması prosesində mühüm rol oynayacağına əminliyini bildirib.
Tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Q.İshaqzai Azərbaycan hökumətinə və İqtisadiyyat Nazirliyinə minnətdarlığını bildirib.
Forumun yekununda DİM-in milli səviyyədə inteqrasiyası və icrasının sürətləndirilməsinə dair Bakı prinsipləri qəbul edilib.
Bununla da Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu başa çatıb.