Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT İnkişaf Proqramının MAPS missiyasının rolu müzakirə edilib

Bakı, 26 oktyabr, AZƏRTAC 

Oktyabrın 26-da Dayanıqlı İnkişafa dair Bakı Forumunun dördüncü sessiyasında "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək missiyasının rolu" mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Rastislav Vrbenski BMT İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək (MAPS) missiyasının DİM-ə nail olunması istiqamətində görülən işlərin intensivləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov DİM-in həyata keçirilməsinin sosial-iqtisadi və demoqrafik proseslərin qiymətləndirilməsinə böyük ehtiyac yaratdığını vurğulayaraq, bu baxımdan milli statistika qurumlarının üzərinə böyük vəzifələr düşdüyünü deyib. T.Budaqov bildirib ki, DSK Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlıq şəraitində mühüm tədbirlər həyata keçirib. 2016-2017-ci illərdə keçirilən Azərbaycan milli statistika sisteminin qlobal auditi nəticəsində ölkəmizin müvafiq sisteminin beynəlxalq standartlara uyğunluğu rəsmən təsdiqlənib. DSK MDB məkanında ilk dəfə olaraq, "ISO 9001:2015" Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
DSK sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən irəli gələn məsələlərin həlli üçün 2018-2025-ci illərdə milli statistikanın inkişafına dair Dövlət Proqramının icrasına başlanılıb. Qeyd olunub ki, gələn il ölkəmizdə keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq məqsədilə Qəbələ rayonunda sınaq siyahıyaalınma zamanı görülən işlər tam sınaqdan keçirilib. Bu məsələdə BMT-nin Əhali Fondu ilə sıx əməkdaşlıq həyata keçirilir.
Tahir Budaqov vurğulayıb ki, DİM göstəriciləri ilə bağlı məlumatların əldə edilməsi üçün inzibati məlumat mənbələrindən istifadə və böyük məlumatlardan (Big Data) istifadə mühüm əhəmiyyət daşıyır. DSK DİM ilə əlaqədar dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına 2015-ci ildən başlayıb. DSK dünyada ilk statistika qurumlarından biridir ki, 2015-ci ildə komitənin nəzdində dayanıqlı inkişaf statistikası şöbəsi yaradılıb. Hazırda şöbədə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət üç işçi qrupu fəaliyyət göstərir. DSK-nın beynəlxalq əməkdaşlığa da böyük önəm verdiyini deyən Tahir Budaqov bu baxımdan Avrostat, BMT və onun regional qurumları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və s. qurumları qeyd edib.
Belarus Xarici İşlər Nazirliyinin Çoxtərəfli Diplomatiya Baş İdarəsinin direktoru Larisa Belskaya bildirib ki, statistika olmadan DİM Gündəliyinin həyata keçirilməsinin səviyyəsini öyrənmək mümkün deyil.
Belarus Statistika İdarəsi öz fəaliyyətində QHT-lərin təkliflərini də nəzərə alır və onlarla fəal əməkdaşlıq edir. Tərəfdaşlarla müsbət iş baxımından əsas məqamlardan biri də biznes partnyorlarının DİM prosesinə cəlb olunmasıdır. Belarusda bu tərəfdaşlıq artıq təmin olunub.
L.Belskaya gənc nəslin dayanıqlı inkişaf prosesinə cəlb olunması ilə bağlı Azərbaycanın təcrübəsindən istifadə edərək "gənc səfirlər"in hazırlanmasına başlanıldığını və digər layihələrin həyata keçirildiyini bildirib.
Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa ölkəsində dayanıqlı inkişaf üçün "Zamisli 2030" proqramı barədə məlumat verib. Bildirib ki, proqramda heç kəsi kənarda qoymayaraq davamlı inkişafa nail olmaqla həm DİM-ə nail olmaq, həm də Avropa İttifaqına qoşulmaq üçün öhdəliklərin yerinə yetirilməsi məsələsi əksini tapıb. Avropa İttifaqına qoşulmaq üçün götürülən öhdəlik və DİM arasında böyük bənzərliklər var. Diqqətə çatdırılıb ki, bu istiqamətdə görülən ardıcıl tədbirlər nəticəsində DİM üzrə müəyyənləşdirilən 109 əsas hədəfdən xeyli hissəsi artıq həyata keçirilib.
BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosunun baş məsləhətçisi Ben Slay DİM-in həyata keçirilməsinin maliyyələşmə mexanizmindən danışıb. Bildirib ki, MAPS missiyasının məqsədi də DİM üzrə görülən işləri sürətləndirməkdir. Azərbaycanda MAPS missiyasının həyata keçirilməsinin bir çox ölkələr üçün örnək olduğunu vurğulayan Ben Slay deyib ki, Azərbaycan bu fəaliyyətə qoşulan ilk ölkələrdəndir.
BMT-nin Ərzaq Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Mələk Çakmak Dayanıqlı İnkişaf üzrə Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. DİM-ə nail olunmasında, o cümlədən ərzaq təhlükəsizliyi məsələsində kənd təsərrüfatının inkişafının önəmini xüsusi vurğulayan M.Çakmak FAO-nun dünyanın müxtəlif ölkələrində tədbir və seminarlar təşkil etdiyini deyib.
Ərzaq təhlükəsizliyi baxımından Azərbaycanın və FAO-nun fəal əməkdaşlıq etdiyini deyən BMT nümayəndəsi təmsil etdiyi təşkilatın ölkəmizdə də müxtəlif layihə, tədbir və seminarlar keçirdiyini deyib. O, FAO-nun Azərbaycan nümayəndəliyinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, DİM-ə nail olunmasında MAPS missiyası mühüm rol oynayır. Bu prosesdə təhsilin rolunu yüksək qiymətləndirən E.Karvardin deyib ki, təhsilli, yüksək texnologiyalardan istifadə qabiliyyətinə yiyələnən gənclər DİM-ə nail olmaq yolunda mühüm rol oynayacaqlar. İbtidai təhsil, sosial xidmətlərin yüksək keyfiyyəti və s. amillərin kompleks şəkildə təmin edilməsi böyük əhəmiyyətə malikdir. Bu baxımdan MAPS missiyası sayəsində vəziyyəti düzgün qiymətləndirərək vacib qərarlar qəbul etmək mümkün olacaq.
Çıxışlardan sonra aparılan müzakirələrdə DİM Gündəliyinin məqsəd və hədəflərinin milliləşdirilməsi üzrə irəliləyiş əldə etmiş ölkələrin təcrübələrinin öyrənilməsinin önəmi qeyd olunub. Həmçinin DİM-in uğurlu icrası istiqamətində ölkələrin əsas statistik öhdəliklərinin yerinə yetirilməsinə verdikləri töhfələr nəzərdən keçirilib.