Əbülfəs Qarayev monteneqrolu həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da mədəniyyət naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, kitab, incəsənət əsərlərinin sərgiləri və klassik musiqi sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edərək, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Həmçinin nazir mədəni marşrutların inkişafı istiqamətində də birgə işlər görülməsinin əhəmiyyətini vurğulayaraq, Şərab və Zeytun yolları kimi mədəni marşrutlarda birgə əməkdaşlıq edilməsini xüsusi qeyd edib.
Nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəni sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib və qarşı tərəfin təklifini dəstəkləyib. İki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə 2010-cu ildə imzalanmış memoranduma əlavə olaraq fəaliyyət planının imzalanmasını təklif edib.
Görüşdə, həmçinin muzeylər arasında əməkdaşlıq, xalçaçılıq sənətinin təqdimatı və qarşılıqlı film həftələrinin keçirilməsi məsələləri də müzakirə olunub.