Askar Şakirov: Dayanıqlı İnkişaf üzrə Bakı Forumu dünya birliyi üçün mühüm hadisədir

Bakı, 26 oktyabr, Əziz Məmmədov, AZƏRTAC

Mən ilk növbədə, həm Azərbaycan üçün, həm də dünya birliyi miqyasında çox mühüm hadisə olan Dayanıqlı İnkişaf üzrə Bakı Forumunun keçirilməsi münasibətilə sizin hamınızı təbrik etmək istəyirəm. Bildiyiniz kimi, “Dayanıqlı İnkişafın Məqsədləri” (DİM) proqramı BMT çərçivəsində qəbul edilmiş və praktiki olaraq bütün dünya birliyi üçün maraq doğuran rəsmi proqramdır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasında İnsan haqları üzrə müvəkkil (Ombudsman), VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Askar Şakirov bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.
Qazaxıstan Ombudsmanı deyib: “Forumun gündəliyi BMT-nin “Dayanıqlı İnkişafın Məqsədləri” proqramının bütün aspektlərini əhatə edirdi. Forumun reprezentavliyi həm də onu göstərir ki, əksər ölkələr, əlaqədar beynəlxalq təşkilatlar bu hadisəyə böyük əhəmiyyət verirlər. Forumda Prezident İlham Əliyevin iştirak etməsi, BMT-nin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi prosesinə bilavasitə cəlb edilmiş digər beynəlxalq təşkilatların bu tədbirdə çox yüksək səviyyədə təmsil olunması Bakı Forumunun əhəmiyyətindən xəbər verir”.
Askar Şakirov daha sonra qeyd edib ki, Azərbaycanın və Qazaxıstanın milli hüquq-müdafiə təsisatları arasında qarşılıqlı əlaqələr kifayət qədər yüksək səviyyədədir.
Qazaxıstan Ombudsmanı sonda deyib: “Həmkarım Elmira Süleymanova ilə uzun müddətdir ki, birgə layihələrdə iştirak edirik. Hesab edirəm ki, bizim hüquq müdafiə təsisatlarının əməkdaşlığı iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığın tərkib hissəsidir”.