Azərbaycanla Belarus arasında əməkdaşlığın daha da inkişafı üçün geniş potensial var

Bakı, 26 oktyabr, Xəyalə Məmmədova, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus parlamentinin sədr müavini xanım Marianna Şyotkina ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Forumda iştirak üçün dəvəti qəbul etdiyinə görə Marianna Şyotkinaya təşəkkürünü bildirib. O, Belarus parlamenti sədrinin müavininin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu söyləyib.
Əli Əhmədov Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini Azərbaycan iqtisadiyyatının uğurları, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə də məlumat verib. Bildirilib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, humanitar, İKT, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Baş nazirin müavini Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.
Xanım Marianna Şyotkina VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu və müxtəlif sahələr üzrə həyata keçirilən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.