Dmitri Savelyev: Aprel hadisələri zamanı erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparırdı

Bakı, 26 oktyabr, AZƏRTAC

İnformasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda əlyetərli kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bu fikirləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada çıxışında söyləyib.
Rusiyalı parlamentari qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur, bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Deputat deyib: “2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı.
D.Savelyev vurğulayıb ki, o vaxt dünya KİV-ləri ilə çox fəal iş aparılırdı: “Qondarma “Qarabağ administrasiyası”nın nümayəndələri hər gün press-brifinqlər keçirir və jurnalistlərin suallarına cavab verirdi. Ermənistanın dövlət telekanalları peyklər vasitəsilə pulsuz efir vaxtı verirdi. Bundan əlavə, jurnalistlər mülki avtomobillərə minərək təmas xəttindən kənarda region boyunca sərbəst hərəkət edə bilirdilər. KİV işçiləri üçün hər səhər ön cəbhə xəttinə yaxın kəndlərə, o cümlədən Talış və Martuni kəndlərinə səfərlər təşkil edilirdi”.
Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, “qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir”.