Humanitar Forumun üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub YENİLƏNİB VİDEO

Bakı, 26 oktyabr, Əsəd Məmmədov, AZƏRTAC
Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib.
Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçib.
“Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. BMT, UNESCO, Dünya Turizm Təşkilatı və digər beynəlxalq təşkilatlar bu gün də “Bakı Prosesi”nə, onun səmərəliliyinin artırılmasına dəstək verirlər. Qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişləndiriləcək.
Azərbaycanın 2008-ci ildən etibarən başlanan “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində önəmli işlər gördüyünü qeyd edən mədəniyyət naziri bildirib ki, bütün bu fəaliyyət dialoqa mühüm töhfələr verib. Bakı Humanitar forumlarında müxtəlif mövzular ətrafında aparılan müzakirələrin mədəniyyətlərarası mübadilələrə müsbət təsirini xüsusi qeyd edən Əbülfəs Qarayev deyib: “Bakı Beynəlxalq Humanitar Forumuna marağın miqyası ildən-ilə artır. Bu günədək müxtəlif mövzularda müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə, o cümlədən təhsil, mədəniyyət nazirlərinin görüşləri təşkil edilib. Bu görüşlərdə mədəniyyətlərarası dialoqla bağlı hökumətlərin gördükləri işlərə dair müzakirələr aparılıb. Həmçinin turizm sənayesi bu proqramlara qoşulub mədəni mübadilələrdə fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri, böyük şirkətlərin nümayəndələri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin təsiri həmin görüşdə ətraflı müzakirə edilib”.
Nazir qeyd edib ki, mədəniyyətlərarası dialoqla bağlı mühüm təşəbbüslərdən biri də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı keçirilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.
“Bu gün “Bakı Prosesi”nin çox gözəl nəticələrinin şahidiyik. Bu 10 il ərzində bizə dəstək verən hər kəsə Azərbaycan hökuməti adından təşəkkür edirəm”, - deyə nazir vurğulayıb.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm humanitar təşəbbüsü dünyanı bürüyən iqtisadi, siyasi böhran, narahatlıq fonunda çox önəmli dövrdə irəli sürdü və bu, müdirik bir qərar oldu. Bu təşəbbüs dünya ictimaiyyətinə böyük ümidlər verdi. Mədəniyyətlərarası dialoq üçün ümidlər yarandı. Azərbaycan Bakı Beynəlxalq Humanitar forumlarını və digər beynəlxalq tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa önəm verdiyini nümayiş etdirir.
Azərbaycanın uzun əsrlərdir formalaşmış zəngin mədəniyyətə sahib olduğunu söyləyən ISESCO-nun baş direktoru qeyd edib ki, bu ölkə mədəniyyətlərin, sivilizasiyaların, dinlərin birləşdiyi bir məkandır. Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində çox önəmli rol oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər tədbirlər Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi önəmin təzahürüdür.
Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, dünyada aclıq, səfalət, münaqişə və bu kimi digər bəlaların şahidi oluruq. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqlərə, mədəniyyətlərə, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasındakı etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.
UNESCO-nun sabiq baş direktoru İrina Bokova “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rola malikdir”.
Bəzi cəmiyyətlərdə təcridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlərə, mədəniyyətlərarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrini bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərarası dialoqla bağlı işlərin hansı istiqamətdə aparılmasına dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin hesab edirəm ki, bu işləri daha da genişləndirməliyik, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirəm ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildirən UNESCO-nun baş direktorunun müavini Çu Sin qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm işlər görür. UNESCO da hər zaman bu fəaliyyətdə yaxından iştirak edib. “Mən cəmi 4 ay bundan əvvəl UNESCO-da fəaliyyətə başlamağıma baxmayaraq, Azərbaycanın bu təşəbbüsü ilə bağlı kifayət qədər məlumatlıyam. Çox şadam ki, UNESCO-dakı fəaliyyətimin ilk vaxtlarından bu prosesdə iştirak edirəm. Azərbaycan ilə UNESCO arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu cür mühüm tədbirlərə uğurla ev sahibliyi edir. Bu, Prezident İlham Əliyevin dəyərlərimizin möhkəmləndirilməsinə verdiyi böyük töhfədir”,- deyə baş direktorun müavini vurğulayıb.
O qeyd edib ki, sürətlə qloballaşan dünyada müsbət proseslərlə yanaşı, mənfi halların da şahidi oluruq. Yaşadığımız cəmiyyətlərdə qarşıdurmalar baş verir, dünya böyük böhranlarla üzləşir, cəmiyyətlər parçalanır, ayrı-seçkilik halları müşahidə edilir. Hətta mədəni müxtəliflik məsələləri də təhdid altındadır. Yeni texnologiyalar insanlar arasında yaxınlaşmanı asanlaşdırmaqla yanaşı, digər tərəfdən özünün mənfi fəsadlarını büruzə verir. Ona görə də mədəniyyətlərarası dialoq bizim qarşımızda dayanan mühüm çağırışdır. Bu sahədə işlərin sürətlənməsi olduqca önəmlidir. Bu, bizim qarşımızda duran ümumi çağırışdır. Çu Sin deyib: “Hesab edirəm ki, dialoq, anlaşma sülh quruculuğunda mühüm açar rolunu oynaya bilər. “Bakı Prosesi” bizim gələcəyimizə çox böyük töhfələr verəcək. Bu proses fərqli, lakin maraqlı dairələri bir araya gətirdi və bizim üçün gözəl bir müzakirə platforması yaratdı. “Bakı Prosesi”nin ideyaları UNESCO-nun missiyasının mərkəzində dayanır və fəaliyyətinə töhfə verir. Sülh quruculuğunda və parlaq gələcəyimizin təminində mədəniyyətlərarası dialoqun potensialı böyükdür”.
Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə sabiq direktoru Robert Palmer çıxışında “Bakı Prosesi”nin güclü mövqeyə malik olduğunu qeyd edib. O, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində gender bərabərliyinin təmininin, dini ayrı-seçkiliyə yol verilməməsinin mühüm şərtlərdən olduğunu diqqətə çatdırıb.
Robert Palmer bildirib ki, Azərbaycan hökuməti mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində mühüm təşəbbüslərlə çıxış edərək, bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi. Həmin təşəbbüs əsasında bu gün artıq “Bakı Prosesi” çox dayanıqlı bir platforma kimi formalaşıb. “Bakı Prosesi” qısa müddət ərzində mötəbər tərəfdaşlarını bir araya gətirdi.
“Bakı Prosesi”nə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin daha da artırılmalı olduğunu qeyd edən Robert Palmer deyib ki, bu, bütün dövlətlərin, təşkilatların üzərinə düşən müştərək vəzifədir. Vətəndaş cəmiyyətlərinin, kütləvi informasiya vasitələrinin bu prosesdə yaxından iştirakı zəruridir.
“Biz riskləri nəzərdən keçirməliyik. Burada səsləndirilən fikirlər cəmiyyətlərə çatdırılmalıdır. Belə olan halda biz fundamental insan hüquqlarını təmin edə bilərik. Tarixin dərsləri bizə nümunədir. “Bakı Prosesi” cəmiyyətləri inkişafa aparan yoldur. Biz yeni ideyaları nəzərə almalıyıq. Hesab edirəm ki, son 10 il ərzində mühüm inkişaf əldə olunub. Artıq “Bakı Prosesi” yeni mərhələyə qədəm qoyur. Düşünürəm ki, Azərbaycan bu tədbirlərə rəhbərliyini uğurla davam etdirəcək”,- deyə Robert Palmer vurğulayıb.
Körfəz Əməkdaşlıq Şurasının baş katibinin müavini Əbdel Əziz Abu Hamad Aluvayşeq “Bakı Prosesi”nin mühüm tərəfdaşlıq platformasına çevrildiyini qeyd edib. Bildirib ki, Körfəz Əməkdaşlıq Şurası hər zaman “Bakı Prosesi”nə dəstək olub və onun fəaliyyətində yaxından iştirak edib.
Körfəz Əməkdaşlıq Şurasının fəaliyyət istiqamətləri barədə danışan Əbdel Əziz Abu Hamad Aluvayşeq deyib ki, Şura daha çox iqtisadi və təhlükəsizlik məsələləri ilə məşğul olur. Lakin bir müddət sonra mədəniyyətlərarası dialoq sahəsi də strateji vəzifə kimi Şuranın fəaliyyət istiqamətlərinə daxil edildi. Çünki mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşma cəmiyyətlərin təhlükəsizliyi üçün olduqca vacibdir və onun möhkəmləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır. Biz daim tərəfdaşlarımızla bu məsələlərlə bağlı müzakirələr aparır, fəaliyyət istiqamətlərimizi müəyyənləşdiririk. Azərbaycan da Körfəz Əməkdaşlıq Şurasının önəmli tərəfdaşlarındandır.
Dünyada baş verən münaqişələrdən danışan baş katibin müavini bildirib ki, bu münaqişə ocaqları əsasən insanlar arasında bir-biriləri barədə səhv təsəvvürlərin formalaşması səbəbindən yaranır. Ona görə də ölkələr, xalqlar arasında siyasi, iqtisadi təmaslarla yanaşı, mədəni mübadilələrin də olması mütləqdir.
Avstraliyanın Deakin Universitinin professoru Fethi Mansouri bildirib ki, hazırkı dəyişkən mühitdə mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi olduqca zəruridir. Əlbəttə ki, müasir çağırışlar bizim hər birimizin qarşısında yeni vəzifələr qoyur. Ona görə də “Bakı Prosesi”nin bu vəzifələrin, yeni çağırışlara cavab verən fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından rolu çox önəmlidir.
“Biz cəmiyyətlərdə olan müxtəliflikləri qəbul etməliyik. Bu müxtəlifliklər əsrlərboyu formalaşıb və əslində hər zaman da müxtəlif mədəniyyətlər arasında dialoq mövcud olub. Lakin müasir dövrümüzdə baş verən yeni dinamikaya tam cavab verə bilmirik və mövcud olan dəyərlər sistemi də dağılıb. Ona görə də ilk olaraq qarşılıqlı əlaqələrin müsbət nəticələrini anlamaq lazımdır. Bu işdə isə cəmiyyətlərin, ailələrin üzərinə çox böyük məsuliyyət düşür”, - deyə Fethi Mansouri vurğulayıb.
Bu prosesdə elmi araşdırmaların da rolunu xüsusi vurğulayan professor qeyd edib ki, tədqiqatçılar mədəniyyətlərarası dialoqun yeni formalarının insanlar tərəfindən qəbul edilməsinin yollarını araşdırmalıdırlar. Çünki mədəniyyətlərarası dialoq yalnız ünsiyyət qurmaq, müzakirə aparmaq deyil, bu, olduqca geniş bir anlayışdır.
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktorunun müavini xanım Rocio Kervera Azərbaycanda olmağından və bu cür mötəbər bir Forumda iştirakından məmnunluğunu ifadə edib. Şimal-Cənub Mərkəzinin “Bakı Prosesi”nin ən fəal tərəfdaşlarından olduğunu bildirən Rocio Kervera Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanın bu təşəbbüsü Şimal-Cənub Mərkəzinin məramı ilə tam uyğundur.
Rocio Kervera mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün fərdi səviyyədə iş görülməsinin vacibliyindən danışaraq bildirib ki, Şimal-Cənub Mərkəzi bu məqsədlə gənclər, qadınlar arasında təbliğat aparır, müxtəlif səpkili tədbirlər keçirir. Həmçinin mərkəz mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədqiqatların aparılması istiqamətində də fəaliyyətini genişləndirir. “Hesab edirəm ki, dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri də bu işdə yaxından iştirakda maraqlı olmalıdırlar. Bu məsələdə beynəlxalq səviyyədə əməkdaşlıq xüsusi önəmə malikdir. Ona görə də “Bakı Prosesi” bu məsələdə mühüm əməkdaşlıq platformasıdır. Əminəm ki, bu təşəbbüs gələcək nəsillərin birgə fəaliyyətini təmin edəcək”, - deyə o bildirib.
İspaniyanın Pompeu Fabra Universitetinin professoru Riçard Zapata Barrero “Bakı Prosesi”nin çox cəlbedici və mövcud təşəbbüslərin qiymətləndirilməsi və reallaşmasına xidmət edən mühüm təşəbbüs olduğunu vurğulayıb. Riçard Zapata Barrero da mədəniyyətlərarası dialoqla bağlı araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd edib, bu sahə ilə məşğul olan tədqiqatçıların əlaqələndirilməsinin səmərəli olacağını bildirərək deyib: “Çünki onların hər birinin tövsiyələri və ideyaları var. “Bakı Prosesi” vasitəsilə biz bu ideyaların reallaşmasına nail ola bilərik. Əlbəttə, dövlətlərarası münaqişələrin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər. Yəni, biz hər zaman mədəniyyətlərarası dialoqa daha çox insanlar, xalqlar arasında ünsiyyət forması kimi yanaşırıq. Ancaq bu dialoq vasitəsilə dövlətlər arasındakı fikir ayrılıqlarını da aradan qaldırmaq mümkündür. Yəni, onun təşviqi bizim üçün yeni üfüqlər aça bilər. Münaqişələrin ən böyük səbəblərindən biri müxtəliflik anlayışıdır. Hesab edirəm ki, interkulturalizm vasitəsilə biz mədəni müxtəlifliyi idarə edə bilərik. Bu, həm də insanlararası ünsiyyətlərin möhkəmlənməsinə xidmət edir. Düşünürəm ki, interkulturalizm “Bakı Prosesi”nin vacib bir istiqaməti ola bilər”.
Ərəb Liqasının mədəniyyətlərarası dialoq departamentinin direktoru xanım Samia Bibars Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu vurğulayaraq bildirib ki, bu ölkədə bütün etnik qrupların, dinlərin nümayəndələri bərabər, mehriban yaşayırlar. Azərbaycan sülh şəraitində birgəyaşayışın uğurlu modelidir. O qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ zorakı ekstremizmə qarşı mədəniyyətlərarası dialoq vasitəsilə mübarizə aparmağın yollarının tapılmasıdır. Ərəb Liqası bu işdə yaxından iştirak edir. Liqa bir sıra seminarlar, tədbirlər təşkil edir, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. “Biz təşkil edilən tədbirlərə Azərbaycandan olan ekspertləri də dəvət edirik. Çünki qeyd etdiyim kimi, Azərbaycanın bu məsələdə uğurlu modeli mövcuddur. Biz istəyirik ki, bu təcrübə ərəb ölkələrində də öyrənilsin. Hesab edirəm ki, “Bakı Prosesi” həm Azərbaycanın təcrübəsinin öyrənilməsi, həm də mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əvəzsiz rola malikdir, - deyə Samia Bibars vurğulayıb.

Video