Rastislav Vrbenski: Dayanıqlı İnkişaf Məqsədləri sahəsində regional əməkdaşlığa böyük ehtiyac var

Bakı, 26 oktyabr, AZƏRTAC

Çox şadam ki, yenidən Bakıdayam. Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun dediyi kimi, birgə əməkdaşlıq şəraitində tədbirlər təşkil edilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Rastislav Vrbenski deyib.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri sahəsində regional əməkdaşlığa böyük ehtiyac var: “Baş nazirin müavini çıxışı zamanı bildirdi ki, Azərbaycan üzərinə düşən öhdəliklərin böyük bir hissəsini yerinə yetirib. Ümid edirəm ki, Azərbaycan bundan sonra da təhsil, səhiyyə və humanitar sahələrdəki fəaliyyətini artıracaq”.
BMT rəsmisi, həmçinin əlavə edib ki, bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkana çevrilib. Dayanıqlı İnkişafa dair Bakı Forumu qlobal problemlərdən çıxış yollarını müzakirə etmək fürsəti verir. Forum Azərbaycanı dünyaya tanıtmaq baxımından da çox əhəmiyyətlidir.