Laura Süleyman: Humanitar Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır

Bakı, 25 oktyabr, Pərvanə İmanova, AZƏRTAC
Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Altıncı dəfədir keçirilən Forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilir. Humanitar Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Dünyanı yalnız humanizm qoruya və xilas edə bilər. Bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Humanitar Forumda iştirak edən Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman söyləyib.
Azərbaycanda humanitar əməkdaşlığa dair bir sıra tədbirlərin keçirildiyini deyən qonaq Humanitar Forumda iştirakından məmnunluğunu bildirib. O, Forumun AZƏRTAC tərəfindən təşkil edilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyasında cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələr barədə müzakirələrin aparılacağını söyləyib. Xanım Laura Süleyman müasir dövrdə belə mövzulara diqqət yetirilməsinin önəmini vurğulayıb.