Kalle Laanet: Bakı Beynəlxalq Humanitar Forumu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün vacib tədbirdir

Bakı, 25 oktyabr, AZƏRTAC

İlk dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumuna qatılıram. Bu Forum haqqında əvvəllər məlumatım az idi. Lakin bu dəfə şəxsən iştirak etməklə Forumun təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün nə qədər vacib bir tədbir olduğunu gördüm. Burada çox önəmli mövzular müzakirə olunur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet söyləyib.
Kalle Laanet bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkədən nümayəndələr qatılıblar. Bu, o deməkdir ki, müzakirə etdiyimiz bütün mövzular həmin ölkələrə çatdırılacaq. “Mən Forum çərçivəsində AZƏRTAC tərəfindən təşkil edilən işçi sessiyada yanlış məlumatlandırma siyasəti haqqında danışacağam. Biz rəqəmsal dünyada yaşayırıq. Kim daha çevik olarsa, o da qalib olacaq. Bunun üçün isə bizə strategiya lazımdır”, - deyə o bildirib.
Parlament sədrinin müavini deyib ki, Estoniya və Azərbaycan kimi kiçik dövlətlər dünyaya mesaj vermək üçün imkan axtarırlar. Bu Forum mesajların dünyaya çatdırılması üçün həmin imkanlardan biridir.