Azərbaycan ilə UNESCO arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib

Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO-nun baş direktorunun müavini Çu Sin ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov elmin, mədəniyyətlərarası dialoqun və təhsilin inkişafında UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
UNESCO-nun baş direktoru xanım Odri Azulayın salamlarını çatdıran baş direktorun müavini təmsil etdiyi beynəlxalq qurumun rəhbərliyinin Bakı Humanitar Forumunun təşkilinə yüksək önəm verdiyini qeyd edib. O, UNESCO ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən məmnunluqla bəhs edib.
Tərəflər 2019-cu ildə Azərbaycanda təşkil olunacaq Dünya Mirası Konfransının əlaqələrin daha da inkişafında önəmli rol oynayacağını deyib. Hər iki tərəf Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsində birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.