Humanitar Forum çərçivəsində Musiqili Teatrda “Nəsimiyə ithaf” tamaşası nümayiş olunub

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” musiqili tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təqdim edilib.
Klassik və milli Azərbaycan alətlərində ifaların yer aldığı tamaşada Nəsiminin muğam ustası tərəfindən səsləndirilən ən məşhur şeirləri şairin insana, onun qüdrətinə və gözəlliyinə olan sevgisini nümayiş etdirib. Nəsimi obrazı səhnəyə çıxır, bir-birinə qarşı çıxan qaranlıq qüvvələrlə əhatə olunur. Bu qüvvələrin arasında qeyri-bərabər döyüş baş verir və şairin amansız edamı ilə başa çatır. Bütün bu rəngarəng obrazlar və duyğular səhnədə musiqi və rəqsin dili ilə təcəssüm olunur.
Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb. Bundan başqa, tamaşada Xalq artisti Teyyub Aslanov xanəndə kimi çıxış edib.
Ustalıqla təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.
Xatırladaq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.