Malik Ayub Sambal: Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətin rifahına xidmət edir

Bakı, 25 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Humanitar Forumu çox mühüm tədbirdir və böyük maraq kəsb edir. Bu, bütün dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində Azərbaycan tərəfindən irəli sürülmüş yaxşı təşəbbüsdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Çin Mərkəzi Televiziyasının (CCTV) siyasi şərhçi Malik Ayub Sambal söyləyib.
Malik Ayub Sambal deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində çoxsaylı münaqişələrin, problemlərin gündən-günə artığını qeyd edib. Bu səbəbdən bütün aktorlar, tərəfdaşlar durmadan artan bu humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. Azərbaycan Prezidenti, həmçinin xatırladıb ki, Dağlıq Qarabağ problemi böyük fəlakətlərdən biridir, Dağlıq Qarabağ Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir. Prezident öz doğma torpaqlarından didərgin düşmüş çoxlu sayda azərbaycanlı qaçqınların olduğunu da diqqətə çatdırıb. Dövlət başçısı onu da söyləyib ki, bu cür münaqişələr fəlakətlə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir. VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür.