Sergey Neverov: Humanitar Forumda müzakirə olunan məsələlər bu gün dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Bakı, 25 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 25-də Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverovla görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker Oqtay Əsədov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan bu görüşdən məmnun qaldığını deyib. Bildirilib ki, rusiyalı həmkarlarla istər rəsmi səfərlər, istərsə də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər parlamentlərarası əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Bakının bir çox beynəlxalq forumların keçirildiyi məkana çevrilməsindən Azərbaycan ictimaiyyətinin məmnun qaldığını söyləyən sədr bu cür tədbirlərin müasir dünyamızın problemlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Bildirilib ki, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə reallaşmış bu tədbir bu gün dünya miqyasında öz layiqli yerini tutub.
Sergey Neverov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından və ölkəmizə səfərindən məmnunluğunu bildirib. Qeyd edilib ki, Forumda və panel sessiyalarda müzakirə olunan məsələlər bu gün dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Qonaq Rusiya və Azərbaycan prezidentlərinin bu təşəbbüsünü alqışlayaraq ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Vurğulanıb ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin komitə sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.