Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Milli Məclisin sədri Oqtay Əsədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Xorxe Qandininin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu, Uruqvay parlamenti səviyyəsində Azərbaycana həyata keçirilən sayca üçüncü səfərdir.
Siyasi münasibətlərimizin inkişaf etdiyini vurğulayan Milli Məclisin sədri Azərbaycanın Uruqvayla həyatın digər sahələrində də əlaqələrin dərinləşməsində maraqlı olduğunu söyləyib. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi sahədə də əməkdaşlıq inkişaf edir. Ancaq biz gələcəkdə ticari göstəricilərimizi əhəmiyyətli dərəcədə yüksəltmək niyyətindəyik. Bu istiqamətdə hazırda müvafiq işlər görülür. Enerji, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.
Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. O, nümayəndə heyətlərimizin BMT, Parlamentlərarası İttifaq və digər nüfuzlu beynəlxalq qurumlar çərçivəsində görüşlərinin, aparılan fikir mübadiləsinin əhəmiyyətli olduğunu söyləyib. Bildirilib ki, bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycan iri transmilli neft və qaz layihələrinin də reallaşmasında birbaşa iştirak edir.
Sədr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq problemin ədalətli həllində beynəlxalq birliyin dəstəyinə ümid etdiyini bildirib.
Xorxe Qandini ölkəmizə səfərindən və Humanitar Forumda iştirakından məmnunluq duyduğunu vurğulayıb. Qonaq Azərbaycan parlamentində deputatların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək dəyərləndirib. O, dostluq qrupu üzvlərinin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Özünü Azərbaycanın dostu adlandıran Xorxe Qandini Uruqvayın Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini deyib.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Uruqvayla parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.