Mixail Qusman: Bakı Beynəlxalq Humanitar Forumu getdikcə daha nüfuzlu və dünyamiqyaslı məkana çevrilir

Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Beynəlxalq Humanitar Forumu çox böyük bir hadisəyə çevrilib. Bu gün haqlı olaraq deyə bilərik ki, Bakı dünyanın humanitar paytaxtıdır.
TAAS-ın baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində söyləyib.
Mixail Qusmanın fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsi heç də təsadüfi deyildi. Heç də bütün ölkələrdə bu sahədə uğur qazanmaq mümkün olmur. Azərbaycan tarixən multikultural ölkədir. Burada həmişə tolerantlıq ab-havası hökm sürüb. Azərbaycan dünya mədəniyyətinin ən yaxşı nümunələri üçün daim açıq olub. Multikulturalizm Azərbaycana üzvi şəkildə xas olan cəhətdir, Azərbaycanda həyat tərzidir.
TAAS-ın baş direktorunun birinci müavini deyib ki, Bakı Beynəlxalq Humanitar Forumunun böyük gələcəyi var. Bu forum ilbəil daha nüfuzlu və əlamətdar dünyamiqyaslı məkana çevrilir.