Misir parlamenti sədrinin birinci müavini: Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir VİDEO

Bakı, 25 oktyabr, Pərvanə İmanova, AZƏRTAC 

Azərbaycanın beynəlxalq səviyyədə möhtəşəm tədbirlərə uğurla ev sahibliyi etməsi çox təqdirəlayiqdir. Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə Misir xalqı adından minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Humanitar Forumda iştirak edən Misir parlamenti sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərif söyləyib. O, aktual məsələlərin müzakirəsi baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirib, ölkəsinin bu cür beynəlxalq tədbirlərdə iştirak etməkdə maraqlı olduğunu söyləyib.
Əs-Seyyid Mahmud Əş-Şərif deyib: “İkigünlük beynəlxalq tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə olunacaq, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılacaq, vacib qərarlar qəbul olunacaq. Bütün bunlar dünyada müxtəlif sahələrin inkişafında əhəmiyyətli rol oynayacaq”.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən qonaq Misirin Azərbaycanla sıx əlaqələri bundan sonra da davam etdirməkdə maraqlı olduğunu söyləyib. O, Forumun mədəniyyətlərarası dialoqun inkişafına, xalqlarımız arasında əlaqələrin genişlənməsinə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Video