Halit Eren: Bakı Beynəlxalq Humanitar Forumu aktual problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir

Bakı, 25 oktyabr, AZƏRTAC 

Artıq altıncı dəfədir ki, təşkil edilən Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir və burada onların həlli istiqamətində vacib fikir mübadiləsi aparılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren deyib.
Halit Eren bildirib ki, Forum dünyanın bir çox ölkələrindən mütəxəssisləri, dövlət və hökumət rəsmilərini, ictimai-siyasi xadimləri, elm adamlarını, beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib. Aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir. Bu cür beynəlxalq miqyaslı tədbirlər ölkələr və xalqlar arasında əlaqələri daha da möhkəmləndirir.