Azərbaycan innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqində böyük irəliləyişə nail olub VİDEO

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqində böyük irəliləyişə nail olub.
AZƏRTAC xəbər verir ki, bu fikir oktyabrın 25-də Bakıda işə başlayan VI Beynəlxalq Humanitar Forum çərçivəsində təşkil edilən “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi” adlı plenar sessiyada səsləndirilib.
Plenar sessiyanın moderatoru Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun prezidenti Aleksandr Dınkin Bakının artıq altıncı dəfədir ki, Beynəlxalq Humanitar Foruma ev sahibliyi etdiyini deyib. Forumun əhəmiyyətindən danışan natiq qeyd edib ki, bura müxtəlif mötəbər qurum və təşkilatların nümayəndələrinin toplaşdığı və qarşılıqlı fikir mübadiləsi apardığı əlverişli platformadır.
O deyib ki, innovasiya cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən həm yaradıcı iqtisadiyyat, həm də yaradıcı sənayelər üçün həlledici amildir. Yaradıcı iqtisadiyyat universal və çoxşaxəli, eləcə də çevik və asan tənzimlənə biləndir: “Düşünürəm ki, bugünkü müzakirəmiz bütün bu sadalananlar üzrə dünyada qazanılan uğurları özündə ehtiva edəcək”.
Foruma moderatorluq edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib ki, ötən əsrdə texnoloji innovasiyanın əsas qayəsi transformasiyaya məruz qalmışdı. Hazırda dünyanın ən böyük kapitallı şirkətləri rəqəmsal şirkətlərdir. Bu gün innovasiya əlaqələnmə, ötürülmə və hərəkət deməkdir. İnnovasiyalar nəqliyyat, energetika, təbabət və kommunikasiyalar sahəsində hərtərəfli inkişafa gətirib çıxarıb. Qarşıdakı illərdə isə bütün bu qazanılan nailiyyətlərin, əldə edilən nəticələrin bölüşdürülməsi və istifadəsini əhatə edəcək.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovasiyaların inkişafına dövlət dəstəyi göstərilir. Bu məqsədlə İnformasiya Kommunikasiya Texnologiyaları Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. Azərbaycanda innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqi, startapların təşviqi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir.
“Azərbaycan kosmosu fəth edən ölkələr sırasındadır. Son 5 ildə Azərbaycan orbitə 3 peyk buraxıb. Bunlardan ikisi telekommunikasiya, biri isə yer səthinin müşahidə peykidir. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bundan başqa, strartaplar, developerlər, dizaynerlərin iştirakı ilə kreativ sənayenin inkişafı təmin edilir”, - deyə nazir müavini əlavə edib.
BMT-nin İnkişaf Proqramı Avropa və MDB üzrə Regional Bürosunun direktor müavini Rastislav Vrbenski deyib ki, texniki inqilab hazırda hər birimizin həyat tərzinə çevrilib: "Biz innovasiya və innovativ inkişafı diqqət mərkəzində saxlayırıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də bu sahəyə xüsusi yer ayrılıb. Biz ötən illərdə Monteneqroda İnnovasiya Həftəsi keçirmişik. Gələn ay isə İstanbulda İnnovasiya Günlərini təşkil edəcəyik. Burada əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları üzrə şirkətləri, mütəxəssisləri və ekspertləri bir araya toplamaq, yeni innovativ həllərdə birgə əməkdaşlığı təşviq etməkdir. Biz innovasiya laboratoriyasının qurulmasına dəstək olmuşuq, müxtəlif ölkələrdə innovativ layihələrin həyata keçirilməsində iştirak etmişik. Azərbaycanda da bu sahədə mühüm işlər görülür. Azərbaycanın öz brendi kimi təqdim etdiyi “ASAN xidmət” xüsusi əhəmiyyət kəsb edir”.
Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) nümayəndəsi Yevgeni Sesitski təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, müxtəlif ölkələrdə innovativ inkişafa dəstəyi barədə danışıb. Bildirib ki, bu sahədə ən vacib məsələ bütün innovativ layihə və proqramların mülkiyyət hüquqlarının qorunmasıdır. Ona görə də Dünya Əqli Mülkiyyət Təşkilatı bu sahədə reallaşdırılan layihələrin hüquqlarının qorunmasına xüsusi diqqət ayırır: “Əlbəttə ki, süni zəka layihələrinin də inkişafına diqqət artır. Bu layihələr hazırda bütün inkişaf etmiş ölkələrin maraq dairəsindədir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli rəqəmsal layihələrin həyata keçirilməsi sahəsində atılan addımlardan danışıb, hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndirilməsi sahəsində işlərin davam etdiyini deyib.
Azərbaycanın “ASAN xidmət” modelinin üstünlüklərindən və fəaliyyət mexanizmindən danışan A.Cəfərli bildirib ki, qurumun fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə üst-üstə düşür və 16 məqsəd üzrə həmahəngdir. Bildirib ki, “ASAN xidmət” mərkəzlərində də 10 dövlət qurumunun 300-dək xidməti göstərilir. İndiyədək 25 milyon ərizə qəbul edilib və vətəndaş məmnunluğu 95 faizdir. Həmçinin sertifikatların verilməsi və elektron lisenziyalar üzrə portal da fəaliyyət göstərir. Elektron hökumət portalında 91 qurum 446 xidmət təklif edir. Bu vaxtadək portala 85 milyon ərizə qəbul olunub.
O deyib ki, “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Bir çox ölkələr Azərbaycanın “ASAN xidmət” modelini tətbiq etməkdə maraqlıdır.
Gürcüstan Blokçeyn Assosiasiyasının fəxri üzvü, A-Star Investment Fondunun təsisçisi Aleks Sudadze bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunda qlobal iqtisadiyyatın yeni tendensiyaları və rəqəmsal yeniliklərlə bağlı müzakirələrin aparılması xüsusi əhəmiyyət kəsb edir. O deyib ki, hazırda dünyada yeni trend - blokçeyn texnologiyaları inkişaf etdirilir. Qarşıdakı illərdə bütün inkişaf etmiş ölkələrdə blokçeyn texnologiyalarına maraq artacaq. Blokçeyn etibarlı və şəffaf prinsiplərə əsaslanır. Gələcəkdə bir çox ölkələr dövlət xidmətlərini blokçeynlər vasitəsilə həyata keçirməyə maraq göstərir. Bundan başqa, kriptovalyutalar da hazırda innovativ yenilik sayılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) direktoru vəzifəsini icra edən Tural Kərimli isə YTP-nin fəaliyyəti barədə məlumat verərək gələcək planlardan danışıb. O, öz layihələrini inkişaf etdirmək istəyən startapçılar üçün müxtəlif proqramların təşkil edildiyini deyib.
Mədəniyyət və yaradıcılıq sənayeləri üzrə ekspert Teri Sandel deyib ki, Azərbaycanda müasir memarlıq nümunələrinə xüsusi diqqət yetirilir. Muzeylər, kinematoqrafiya və qeyri-mədəni maddi irsin qorunmasına, muğama xüsusi önəm verilir.
“Bu gün mədəniyyət yaradıcı iqtisadiyyatın əsas qollarından birinə çevrilir, dayanıqlı inkişafda aparıcı rol oynayır. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda mədəniyyət və yaradıcı iqtisadiyyata xüsusi diqqət ayrılır. Dövlət bu sahəyə yeni münasibətin formalaşmasında əsa rol oynayır”, - deyə Böyük Britaniyadan olan ekspert əlavə edib.
“Hybrid communications” şirkətinin direktoru Aşley Qudal və “Clarivate Analytics” şirkətinin marketinq üzrə baş direktoru xanım Culia Mair isə bildiriblər ki, innovasiyanın gəlirlərin əldə edilməsi və sərmayələrin cəlb edilməsi məqsədilə iqtisadi cəhətdən əsaslandırılması günün tələbidir. İnnovasiyalar gözlənilmədən meydana çıxır, dəyişir, transformasiyaya məruz qalır.
Plenar sessiyada mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Video