V Bakı Beynəlxalq Humanitar Forumu. Bişkekdən baxış

Bakı, 12 oktyabr, AZƏRTAC

AZƏRTAC-a Qırğız Respublikası Hökuməti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Fondun müşaviri İlyas Bekbolotovun materialı daxil olub. Onun V Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşdüyü materialı təqdim edirik.
- Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu işini başa çatdırdı. AZƏRTAC-dan olan həmkarlarımın dəvəti ilə mən də Forumda iştirak etdim. Mənim üçün bu tədbir əsl kəşf oldu. Əvvəllər bu Forum haqqında heç bir məlumatım yox idi. Tədbir artıq beşinci dəfə keçirilsə də, dünyadakı hər şey barədə informasiyanın saxlanıldığı “Vikipediya”da belə bu forum haqqında heç bir məlumata rast gəlmədim.
Tədbirin miqyası barədə tam təsəvvürü Bakıya gəldikdən sonra əldə etdim. Etiraf edim ki, gördüklərimdən heç də az təəccüblənmədim. Birincisi, tədbirin səviyyəsini qeyd etmək istəyirəm. Forumda 80-dən çox ölkədən 400-dən artıq xarici qonaq iştirak edirdi. Forumun himayəsi altında bütün bəşəriyyət üçün maraq kəsb edən qlobal məsələlərin geniş spektrinə dair dialoq, fikir mübadiləsi və müzakirələrin aparılması üçün siyasi, elmi, mədəni və intellektual elitanın görkəmli nümayəndələri bir araya gəlmişdi. Tədbirə, həmçinin bir neçə sabiq dövlət və hökumət başçısı, müxtəlif sahələrdə on üç Nobel mükafatı laureatı, o cümlədən UNESCO, BMT-nin İnkişaf Proqramı, ISESCO daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, eləcə də çoxlu sayda alim, akademik dairələrin təmsilçiləri, incəsənət xadimi, mütəfəkkir, jurnalist və başqaları qatılmışdı.
Fikir mübadiləsi və müzakirələrin gərginliyi baxımından bu tədbir Davosda keçirilən Dünya İqtisadi Forumundan heç nə ilə geri qalmır. Ümumiyyətlə, bu tədbiri özüm üçün əsasən intellektuallığı, nüfuzu və biznes ruhunu birləşdirməsinə görə “Xəzər Davosu” adlandırardım. Çox keçmədən öyrəndim ki, bu fikrə gələn təkcə mən deyiləm. Bakı Beynəlxalq Humanitar Forumunu artıq bir neçə ildir ki, “intellektual Davos” nüfuzu qazanıb.
Budəfəki Forumun əsas mövzulardan biri multikulturalizm və ya cəmiyyətdə mədəni fərqliliyin inkişafı və müxtəlif mədəniyyətlərin birgə yaşayışı imkanının saxlanılmasına yönələn ideologiya idi. Mövzu bu il Azərbaycanda elan edilən “Multikulturalizm İli” ilə həmahəngdir.
Azərbaycan tarixən tolerant ölkə olub və indi də tolerant ölkə olaraq qalır. Bu, bir çox beynəlxalq təşkilatların liderləri, o cümlədən Roma Papası Fransisk tərəfindən təsdiqlənir. Forumun bitməsindən demək olar ki, bir gün sonra Bakıya səfəri zamanı Papa deyib: “Çox şadam ki, katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri var. Mən dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənməsini arzulayıram. Bu cür mehriban əlaqələr dünyada sülh şəraitində birgə yaşama və planetimizdə sülh üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin əlaqələr müxtəlif dini icmaların nümayəndələri arasında hamı naminə möhkəm əlaqələrin, hörmət və əməkdaşlığın ola biləcəyinə sübutdur”.
Azərbaycanda heç vaxt dini və ya etnik zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. Forumun açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bunu böyük sərvət adlandıraraq vurğuladı: “Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir”.
Odur ki, terminin yeni olmasına baxmayaraq, multikulturalizm ideyaları özü-özlüyündə yeni deyil. Tarix boyu həmişə bu ölkədə azərbaycanlılar, iranlılar, ruslar, ermənilər, yəhudilər, yunanlar, almanlar və bir çox digər xalqların təmsilçiləri dinc şəraitdə yaşayıblar. Amerikalı tarixçi və müasir dövrün tədqiqatçısı Tom Reys qeyd edir ki, “Bakı bir vaxtlar çox ruslaşmış şəhər hesab olunurdu, yəhudilər isə Bakı kosmopolit qarışığında mühüm rol oynayırdı”.
Multikulturalizm ideyası bu gün tənqidə məruz qalsa da, birmənalı qarşılanmasa da, onu əvəzləyə biləcək başqa bir layiqli fikir çətin ki, mövcuddur. Azərbaycan rəhbərinin qeyd etdiyi kimi, “Multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir”.
Mənim üçün daha bir sürpriz Bakı şəhəri idi. Əvvəllər də Azərbaycan paytaxtında olmuşdum, lakin Xəzər dənizinin incisində baş verən dinamik dəyişikliklər həqiqətən çox güclü təəssürat oyadır. Bir zamanlar “Qafqazın Parisi” adlandırılan Bakı öz imicini doğrultmaqda davam edir və işlə mədəni proqramın birləşdirilməsi çox xoş olan əsl dəbli şəhərə çevrilir. Şüşə-polad göydələnlər tarixi məhəllələrlə yan-yana durur, mənzərəni isə dənizə açılan möhtəşəm görüntü tamamlayır.
Bakı “Eurovision” mahnı müsabiqəsi, “Formula-1” yarışları, birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər tədbirlərin keçirildiyi məkan olub, şəhərdə işgüzar və mədəni həyat qaynayır, təmiz küçələr göz oxşayır, tropikləri xatırladan bulvar isə baxımlılığı ilə heyrət doğurur.
Azərbaycandakı dostlarımın uğurlarına, iqtisadiyyatda və dinc həyat quruculuğunda nailiyyətlərə görə ürəkdən şadam. Yaxşı ki, ölkə rəhbərliyi inkişafın intellektual komponentinə bu qədər çox diqqət yetirir. Çünki cəmiyyətdə intellektual ünsiyyətə yer olmalıdır. Bu, insan həyatının çox zəruri şərtidir. Bu, cəmiyyəti gözəlləşdirir və onun yetkinliyinin əlamətidir.

Məxsusi olaraq AZƏRTAC üçün
İlyas Bekbolotov