Nobel mükafatı laureatı: Bakı forumu qlobal problemlərin həllinə yönəlmiş əla platformadır

Bakı, 1 oktyabr, Günel Məlikova, AZƏRTA­C

Dünyanın bir çox ölkələrində müxtəlif səpkili problemlər yaşanır. Belə çətin zamanda qlobal problemlərin həlli istiqamətində Bakıda bu forumun keçirilməsi çox təqdirəlayiq haldır.
Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun əməkdaşı, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur AZƏRTAC-a müsahibəsində səsləndirib.
Tədbirin dünya səviyyəsində əhəmiyyətini vurğulayan alim deyib: “Forum bir çox tanınmış siyasətçiləri, elm adamlarını, mütəxəssisləri, təcrübə sahiblərini bir araya gətirir. Onlar öz ölkələrində, o cümlədən dünyada baş verən qlobal çağırışları birgə müzakirə edir və mövcud problemlərin həlli istiqamətində intensiv təcrübə mübadiləsi aparırlar. İştirakçısı olduğum tədbir bunun üçün əla platformadır”.