Piter Teyz: Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində aparıcı rol oynamalıdır

Vaşinqton, 29 oktyabr, Yusif Babanlı, AzərTAc
Viskonsin ştatındakı Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert, yaxın vaxtlarda Azərbaycanda səfərdə olmuş Piter Teyz AzərTAc-ın Vaşinqton bürosuna müsahibə verib.
- Siz oktyabrın əvvəlində keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmisiniz. Forum və Azərbaycan paytaxtı barədə təəssüratlarınızdan danışaydınız...
- Zəngin təbii ehtiyatlara malik olan Azərbaycan həm də əsl vətənpərvər, əməksevər insanların diyarı, demokratik dəyərlərin bərqərar olduğu və avanqard Avrasiya memarlığı ilə seçilən ölkədir. Dinamik inkişaf edən Azərbaycanın paytaxtı Bakıda həyat çağlayır. Son iyirmi ildə Qərbi Avropanın ən yaxşı paytaxt şəhərləri ilə rəqabət aparan Bakı Avrasiyanın mərkəzində çiçəklənən şəhərə çevrilib. Bakının əsas küçələri, buradakı çoxsaylı eksklüziv mağaza və restoranlarına görə Çikaqonun mərkəzindəki Miçiqan prospektini xatırladır. Mən prestijli qlobal forumda iştirak etmək şərəfinə nail oldum. Bu forumun işində dünyanın 60-dan çox ölkəsini təmsil edən 600-dən çox nümayəndə, o cümlədən keçmiş dövlət başçıları, siyasətçilər, Nobel mükafatı laureatları, alimlər, jurnalistlər və diplomatlar iştirak edirdi. Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun, dini tolerantlığın, sülhün və demokratik dəyərlərin inkişafında mühüm rol oynayır. Mənim fikrimcə, bütün dünyada Azərbaycan kimi ikinci bir ölkə yoxdur. Bu dövlət xeyli sərmayə qoyaraq müasir dövrün ən aktual problemlərin həllinə şərait yaradan strateji forumlar təşkil etməklə qlobal sülhün və sabitliyin qorunub saxlanmasına səy göstərir. Prezident İlham Əliyevin administrasiyası son on ildə dini tolerantlıq, regional və qlobal münaqişələrin və fikir ayrılıqlarının dinc yolla nizamlanması məsələlərinə xüsusi əhəmiyyət verir.
- Sizin fikrinizcə, dünya xəritəsində Azərbaycanın yeri nə ilə müəyyən olunur? Azərbaycan amerikalının diqqətini nə ilə cəlb edir?
- Azərbaycanın Füzuli rayonundakı Azıx mağarası paleolit dövründə yaşamış insanların məskəni kimi məşhurdur. 2007-ci ildə Azərbaycanın daha bir qədim tarixi abidəsi - Bakının cənub-qərbində yerləşən Qobustan UNESCO-nun dünya irsi obyekti elan edilib. Bu tarixi abidə qədim qayaüstü rəsmlərin keyfiyyətinə və sayına görə müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin administrasiyası Azərbaycanı Avrasiyada ən çox inkişaf etmiş ölkələrdən birinə çevirmək üçün çox səy göstərir, Xəzər regionunun iqtisadi və sosial inkişafına imkan yaradan dinamik xarici siyasət yürüdür. Qeyd etməliyəm ki, Prezident İlham Əliyevin administrasiyası tərəfindən həyata keçirilən pozitiv islahatlar davamlı iqtisadi inkişafa və yoxsulluğun aradan qaldırılmasına çalışan ölkələr üçün örnək ola bilər. AzərTAc-ın baş direktoru cənab Aslan Aslanova səmimi təşəkkürümü bildirmək istərdim. Bu informasiya agentliyi dünya ictimaiyyətinə Azərbaycanın tarixi, mədəniyyəti və Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar barədə məlumat verilməsində mühüm rol oynayır. Etiraf etməliyəm ki, mən məhz Azərbaycan müxbirlərinin və bu agentliyin saytının sayəsində Azərbaycan Respublikası ilə yaxından tanış olmuşam.
- Azərbaycan dinamik inkişaf edən iqtisadiyyatı ilə seçilən bir ölkədir. Ölkə iqtisadiyyatının əsasını neft-qaz sənayesi təşkil edir, lakin qeyri-neft sektoru da fəal inkişaf edir. Qarşıdakı onillikdə Azərbaycan barədə Sizin proqnozlarınız necədir? Sizin fikrinizcə, Azərbaycanın regional mərkəzə çevrilməsi üçün onun iqtisadiyyatının hansı sektorları inkişaf etdirilə bilər və ya inkişaf etdirilməlidir?
- 2006-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Müasir memarlıq və şəhərsalma sahəsində yeniliklər Azərbaycanda turizmin daha da inkişafına kömək edəcək. Qədim arxeoloji qazıntılar, dini mərkəzlər və ölkənizin dilbər guşələri Azərbaycanda turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün müqayisəedilməz üstünlüklər yaradır. İnformasiya texnologiyaları, süni peyklərin buraxılması, müdafiə sənayesi, bərpa olunan enerji mənbələri üzrə tədqiqatlar və tikinti layihələri Azərbaycanın sosial-iqtisadi inkişaf üzrə bütün Qafqaz regionunda aparıcı ölkə statusunun əsasıdır. Gözlənildiyinə görə, qarşıdakı üç il ərzində Azərbaycanın hər bir rayonunda, hər bir kəndində rahat yollar salınması üzrə işlərin əksəriyyəti başa çatdırılacaq. Yaxın illərdə qida məhsulları istehsalı məsələsi də diqqət mərkəzində olacaq.
- Azərbaycan ilə ABŞ arasında təhsil sahəsində mübadiləni və mədəni əlaqələri genişləndirmək üçün nə etmək lazımdır?
- ABŞ ilə Azərbaycan arasında universitetlərarası tərəfdaşlığın indiki vəziyyəti qənaətbəxş sayıla bilməz. Azərbaycan mədəniyyətini, Azərbaycan cəmiyyətini daha yaxşı anlamaq üçün ABŞ-da Azərbaycana dair tədqiqat mərkəzləri yaradılması çox vacibdir. Biz ABŞ-da Latın Amerikası və Karib regionu ölkələri üzrə analoji akademik mərkəzlər yaratmışıq. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar isə beynəlxalq aləmdə demək olar ki, məlum deyil. Biz çoxqütblü dünyada yaşayırıq. Buna görə bizim ali məktəblər yeni geosiyasi meyillərə uyğunlaşmalı və tələbələrə təkcə Amerika haqqında deyil, Azərbaycan kimi mühüm ölkələr barədə də biliklər verilməlidir. Birləşmiş Ştatlar Azərbaycanda dövlət və özəl universitetlərin filiallarının yaradılmasına yönəldilmiş milli siyasəti qəbul etməli və dəstəkləməlidir. Hazırda ABŞ universitetlərinin 76 filialı var. Onların əksəriyyəti Birləşmiş Ərəb Əmirliklərindədir. Eyni zamanda, ABŞ universitetlərində Azərbaycan dilinə və Azərbaycan tarixinə dair proqramların geniş tətbiq edilməsi, bakılı professorların Amerika universitetlərinə cəlb edilməsi zəruridir. Amerikalıların yeni nəsilləri Azərbaycanın üzləşdiyi faciənin reallığını anlamalıdırlar. Onlar bilməlidirlər ki, bu ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən Ermənistandan qovulmuş 250 min azərbaycanlı, Azərbaycanın Dağlıq Qarabağ regionundan və Dağlıq Qarabağa bitişik 7 Azərbaycan rayonundan etnik təmizlənməyə məruz qalmış 700 min azərbaycanlı, digər münaqişə zonalarından Azərbaycanda sığınacaq tapmış qaçqınlar yaşayır. Azərbaycan bu insanların maddi rifahını və həyat səviyyəsini yaxşılaşdırmaq üçün hər cür səy göstərir. Azərbaycan hökuməti hər il 20 minə yaxın məcburi köçkünü yeni salınmış qəsəbələrdə məskunlaşdırır. Qaçqınlar üçün 82 qəsəbə tikilib, 40 min ailəyə mənzillər və evlər verilib. ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri Qafqaz regionuna lazımınca diqqət yetirmir. Bizim ölkədə Azərbaycanın öyrənilməsi üzrə müxtəlif mərkəzlər yaradılması ikitərəfli mədəni əlaqələrin inkişafına kömək edəcək.
- ABŞ və Azərbaycan müttəfiq ölkələrdir. Vaşinqton və Bakı daha sıx münasibətləri inkişaf etdirmək üçün nə etməlidirlər?
- Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər 1992-ci ildə Sovet İttifaqı dağılandan sonra yaradılıb. Bütün bu illər ərzində Vaşinqton Azərbaycanda demokratiyanın möhkəmlənməsinə və açıq bazar iqtisadiyyatının formalaşmasına tərəfdar olub. ABŞ və Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin genişləndirilməsi, sosial-iqtisadi inkişaf və siyasi islahatların reallaşması istiqamətində əməkdaşlıq edirlər. Lakin təəssüf ki, Con Kerri dövlət katibi vəzifəsində hələ də Bakıya səfər etməyib, hərçənd ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hələ 2014-cü il martın 19-da onun ehtimal olunan səfərini elan etmişdi. Hillari Klinton 2012-ci ilin iyun ayında Bakıda rəsmi səfərdə olub, lakin Vaşinqton Bakıya yüksək səviyyədə rəsmi səfərləri davam etdirməlidir. Bundan əlavə, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində və Azərbaycanın suveren ərazisində sülhün bərqərar olunmasında aparıcı rol oynamalıdır.
ABŞ hökuməti erməni silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı sakinlərə qarşı hərbi cinayətləri pisləməli, ABŞ Konqresi Xocalı qırğınına dair qətnamə qəbul etməlidir. ABŞ Dövlət Departamenti dünya ölkələrini erməni silahlı qüvvələri tərəfindən törədilmiş qanlı cinayətləri pisləməyə çağırmalıdır. Təhlükəsizlik məsələlərinə dair tərəfdaşlıq və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etdirilməli, kommersiya əlaqələri ilbəil genişlənməlidir.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton