İxleyf Taravnex: “Azərbaycan regionda siyasi və iqtisadi liderdir” VİDEO

Əmman, 22 oktyabr, Asya Hacızadə, AzərTAc
IV Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmiş İordaniya Universitetinin rektoru doktor İxleyf Taravnex AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində dünyanın bir çox ölkəsindən yüzlərlə görkəmli ictimai xadimi, dünya şöhrətli alim və eksperti bir araya toplamış bu nüfuzlu tədbirin əhəmiyyəti barədə öz fikirlərini bölüşüb. Onun fikrincə, Bakı Forumu qlobal xarakterli aktual məsələlərin müzakirəsi, dünya problemlərinin həlli yollarının müəyyənləşdirilməsi, habelə forumun iştirakçısı olan müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun davam etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Ali məktəbin rektoru deyib: “Bu forum ən yüksək səviyyədə təşkil edilmiş maraqlı və zəngin tədbirlərdən biri olub. Forumda bəşəriyyətin qarşısında duran, bizim öz ölkəmizdə qarşılaşdığımız çox mühüm məsələlər müzakirə edilib. Çıxış edənlər bütün dünyada dialoqun davam etdirilməsinin, dinc yanaşı yaşamağın zəruriliyi, sülh və əmin-amanlıq, tolerantlıq məsələlərini və müasir dövrün bir sıra digər aktual məsələlərini qaldırıblar. Qeyd etmək lazımdır ki, diskussiyalarda çox sayda azərbaycanlı iştirak edib. Onlar bu və ya digər mövzular üzrə öz mövqelərini izah ediblər və biz gördük ki, forumda müzakirə olunan bütün məsələlərdə Azərbaycanın böyük təcrübəsi vardır. Ümumiyyətlə, forumun proqramı kifayət qədər zəngin idi və biz özümüzlə xeyli material gətirmişik. İordaniya Universitetində bu materiallar üzərində işləmək fikrindəyik”.
İ.Taravnex Bakı haqqında təəssüratlarını bölüşərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyev öz vətəndaşlarının həyatı ilə dərindən maraqlanır və ölkənin inkişafına, tərəqqisinə çox böyük diqqət yetirir”. Onun sözlərinə görə, geniş, gözəl və təmiz küçələrdən keçərkən, vətəndaşların istirahəti üçün yaradılmış baxımlı parkları, şəhərin digər sosial obyektlərini müşahidə edərkən əmin olursan ki, çox böyük iş görülüb və hər şeyin qayğısına qalırlar. İordaniya Universitetinin rektoru İxleyf Taravnex deyib: “Görünür, ötən illərdə həyata keçirilmiş bütün fəaliyyət Prezident İlham Əliyevin ən yaxşı liderlik göstəricisi, onun öz xalqına münasibətinin göstəricisidir. O, öz ölkəsinin vətəndaşlarının ümidlərini doğruldub və onu irəli aparır. Mən Azərbaycanı istər siyasi, istərsə də iqtisadi baxımdan öz regionunun faktiki lideri kimi görürəm. Azərbaycan təkcə neft sahəsində deyil, iqtisadiyyatın başqa sahələrində də yeni genişmiqyaslı layihələr həyata keçirir. Yeni şəhərlər yaradılır, ölkənin regionları çiçəklənir. 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları üçün çox gözəl şəhərcik salınıb. Eyni zamanda ölkə rəhbərliyi təhsil məsələlərinə, elmi tədqiqatların keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi məsələlərinə çox böyük diqqət yetirir. Bir sözlə, Azərbaycan rəhbəri öz dövlətini regionda bütün istiqamətlər üzrə lider səviyyəsinə qaldırmaq niyyətindədir və biz Azərbaycan Prezidentinə, onun şəxsində Azərbaycan xalqına böyük uğurlar və yeni nailiyyətlər arzulayırıq.
İxleyf Taravnex, həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ilə görüşündən və ali məktəblər arasında əməkdaşlıq haqqında imzalanmış sazişdən çox məmnun qaldığını bildirib. O, forumda iştirak etmək üçün səfəri təşkil etdiyinə və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə kömək göstərdiyinə görə, Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyova xüsusi təşəkkürünü bildirib.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman