Bakı Humanitar Forumu dünya problemlərinin həllinin axtarışı üzrə qlobal körpüyə çevrilir

Stokholm, 20 oktyabr, Rauf Əliyev, AzərTAc
Beynəlxalq Nobel qardaşları Akademiyasının rəhbəri, məşhur Alfred Nobelin kötükcəsi, IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Filip Nobel AzərTAc-a müsahibəsində qeyd edib ki, onun fikrincə bu humanitar tədbir dünya problemlərinin həllinin axtarışı üzrə qlobal körpüyə çevrilməkdədir.
F.Nobel deyib: “Bakı Humanitar Forumunda əvvəllər də iştirak etmişəm. Mənə belə gəlir ki, bu forum hər dəfə daha əhəmiyyətli tədbirə çevrilir. Forumda qaldırılan məsələlər həm müasir dövrün, həm də gələcəyin çağırışları ilə bağlı olduğu üçün böyük əhəmiyyət kəsb edir. Müxtəlif sahələr üzrə ekspertləri, siyasətçiləri, Nobel mükafatı laureatlarını və dünya şöhrətli alimləri birləşdirən, həmin şəxslərin işi üçün praktiki platforma olan bu unikal məkan ünsiyyəti, fikir mübadiləsini, sosial və mədəni qarşılıqlı əlaqələri asanlaşdırır. Ona görə bu forum dünya problemlərinin həllinin axtarışı üzrə qlobal körpüyə çevrilir. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, o, belə bir forumun keçirilməsi təşəbbüs ilə çıxış edib”.
IV Bakı Beynəlxalq Humanitar Forumunda “Müqayisəli multikulturalizm tədqiqatları” sessiyasının işində iştirak etmiş Filip Nobel deyib: “Multikulturalizm məsələlərinin müzakirəsində böyük məmnuniyyətlə iştirak etdim. Əminəm ki, multikulturalizm humanitar məsələlərin həlli üçün açardır. Forumun gedişində Bakıda multikulturalizm mərkəzi yaradılması xəbəri məni çox sevindirdi. Bu, Azərbaycanın belə məsələlərə böyük əhəmiyyət verməsini əyani şəkildə nümayiş etdirir. İstərdim ki, əsrlər boyu dözümlülük və multikulturalizm nümunəsi olmuş sizin ölkənin qədim ənənələri barədə dünyada daha çox bilsinlər və bunu yadda saxlasınlar”.
F.Nobel Azərbaycan haqqında təəssüratlarını da bölüşərək, deyib: “Azərbaycanın malik olduğu potensialı bu gün hamımız görürük. Azərbaycan xalqı, onun mədəniyyəti, ənənələri və sürətli inkişafı məni heyran edir. Bakıya hər dəfə gələndə ölkənizin tərəqqisinin şahidi oluram. Bu, doğrudan da çox xoşdur. Beynəlxalq humanitar problemlərin həlli yollarının axtarışı üçün Azərbaycanın göstərdiyi səyləri də görürəm. Azərbaycanda tez-tez oluram. Mənim nəslimin bu ölkədəki tarixini nəzərə alaraq, Azərbaycanı öz ikinci vətənim hesab edirəm.

Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Stokholm