Kaliforniyalı alim təhsil sahəsində ABŞ-Azərbaycan əlaqələrini genişləndirməyi tövsiyə edir

Vaşinqton, 20 oktyabr, Yusif Babanlı, AzərTAc
Los-Ancelesdəki Kaliforniya Universitetinin professorunun assistenti, elmlər doktoru Yael Uorşel bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı AzərTAc-ın Vaşinqton bürosuna müsahibə verib.
- Bu yaxınlarda siz Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmusunuz. Forum və Azərbaycanın paytaxtı sizdə nə kimi təəssüratlar doğurdu?
- Forum iştirakçılarının sanbalı məndə güclü təəssürat oyatdı. Fəaliyyətimlə bağlı olmayan predmetlər barədə müzakirələri dinləmək və məlumat əldə etmək, mənim sahəmin ekspertləri ilə diskussiya aparmaq çox xoş idi. Xüsusilə, kütləvi informasiya vasitələrinə həsr olunmuş “dəyirmi masa”da iştirak edən jurnalistlərin kommunikasiya proseslərinin və effektlərinin tarixi elementləri haqqında bilik səviyyəsi güclü təsir bağışladı. Peşəkar elmi mübadilə yüksək səviyyədə keçdi və mən çox şey öyrənə bildim.
- Sizcə dünyanın xəritəsində Azərbaycanın yerini nə müəyyən edir? Azərbaycan amerikalının diqqətini nə ilə cəlb edir?
- Kommunikasiyalar sahəsində mütəxəssis kimi məni Azərbaycanın tarixən İpək Yolunun üstündə yerləşməsi, xüsusən, bu yol boyunca yerləşən ölkələrin xalqları arasında əmtəə, dil və mədəniyyət mübadiləsi sayəsində Azərbaycan mədəniyyətini formalaşdıran amillərin rolu cəlb edir.
- Azərbaycan ilə ABŞ arasında təhsil və mədəniyyət sahələrində mübadiləni genişləndirmək üçün nə etmək lazımdır?
- Azərbaycan ilə ABŞ arasında təhsil və mədəniyyət sahələrində mübadilə xaricdə təhsil almaq üçün universitetlər arasında əlaqələr yaratmaq və elmi əməkdaşlığı möhkəmləndirmək yolu ilə genişləndirilə bilər. Bunun üçün Amerika alimləri, xüsusən, ABŞ-ın Xarici Araşdırmalar Mərkəzləri Şurasının üzvü olan alimlər üçün elmi rezidentura yaradılmalıdır. Amerika Xarici Araşdırmalar Mərkəzləri Şurası hazırda Qafqaz regionu ölkələrinə rezidenturalar təklif etmir. Odur ki, bu imkanı nəzərdən keçirmək lazımdır.
Amerika kolleclərinin kampuslarında Azərbaycanın və ya Qafqazın öyrənilməsi üzrə mərkəzlərin yaradılması məsələsi də nəzərdən keçirilməlidir. Konfutsi İnstitutunun layihələri nümunə ola bilər. Amerika və Çin universitetləri Çin dili və mədəniyyəti barədə məlumatlılıq səviyyəsini artırmaq üçün bu ölkə tərəfindən həyata keçirilən həmin layihələr çərçivəsində əməkdaşlıq edir.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton