Janna Qolubitskaya: Bakı Forumu əyani şəkildə göstərdi ki, biz dostcasına və maraqlı yaşaya bilərik

Moskva, 17 oktyabr, Fəridə Abdullayeva, AzərTAc
Çıxış edənlərin ümumi ritorika ilə kifayətləndiyi oxşar tədbirlərin çoxundan fərqli olaraq IV Bakı Beynəlxalq Humanitar Forumu bizi öz konkretliyi ilə sevindirdi – burada həm elmi, həm də sosial informasiya axınlarının hər bir seqmentində ümdə məsələlərin həllinin real yolları təklif edildi. Forumun qonaqlarının Bakı üçün əlamətdar bir məkanda – Heydər Əliyev Mərkəzində qəbul edilməsi də, mənim fikrimcə, rəmzi məna daşıyırdı. Bütün nümayəndələr bu yüksək şərəfi layiqincə qiymətləndirdilər.
Rusiyada çıxan “Moskovski komsomolets” qəzetinin müxbiri Janna Qolubitskaya bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində söylədi.
J.Qolubitskaya Forumun çox yüksək səviyyədə təşkil olunmasına görə tədbirin təşkilat komitəsinə təşəkkürünü bildirərək Bakı sakinlərinin üzügülər, xeyirxah və səmimi olmasını qeyd etdi.
“Moskovskiy komsomolets” qəzetinin müxbiri dedi: “Mənim fikrimcə, dövlətin birinci ailəsinin canlı nümunəsi də burada mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı və qızları öz davranışları ilə göstərirlər ki, öz mənafelərinə riayət etməklə bərabər, təbii və ünsiyyət üçün açıq olmaq mümkündür. Prezidentin ailəsi ilə bağlı halda isə söhbət xalqın mənafeyindən gedir. Məsəl var, deyərlər: hər bir xalq öz hökmdarlarına layiqdir. Bakının küçələrində gördüyüm sadə sakinlər də Forumdakı elita kimi üzügülər, qonaqpərvər və ləyaqətli insanlar idi. Xoşagələn haldır ki, Forumun açılışı münasibətilə təntənəli nahar zamanı Prezident İlham Əliyev, onun həyat yoldaşı Mehriban xanım və qızı Leyla bizimlə - Forumun sıravi nümayəndələri ilə və eyni zamanda bütün Bakı üçün ən əziz qonaqlarla bir masa arxasında əyləşmişdilər. Hətta ən istəkli qonağa belə bir hiss bəxş etmək üçün isə əsl qonaqpərvərlik istedadına malik olmaq lazımdır. Prezident, birinci xanım və Leyla Əliyeva çox səmimi idilər. Təbii ki, onlarla söhbət etmək, birlikdə şəkil çəkdirmək olardı. Bir daha təkrar edirəm: Şərq üçün bu, nadir hadisədir”.
J.Qolubitskayanın fikrincə, Bakı Forumu əyani şəkildə göstərdi ki, biz dostcasına və maraqlı yaşaya bilərik. Əsas məsələ odur ki, bunu hamı istəsin. “Moskovskiy komsomolets” qəzetinin müxbiri vurğuladı: “İndi, dünyanın müxtəlif qitələrində ayrı-ayrı xalqlar arasında lokal münaqişələr haqqında eşidəndə dərhal qonaqpərvər Bakıda gördüklərimi - İsraildən gəlmiş alimlərlə neft əmirliklərinin və sultanlıqlarının nümayəndələrinin bir masa arxasında əyləşməsini, İrandan gələn ilahiyyatçılarla ABŞ-dan gəlmiş nüvə fiziklərinin birlikdə nahar etməsini xatırlayıram. Mən inanıram ki, hər şey bu masanın və evin sahibindən asılıdır - əgər o, öz qonaqlarının qəlbində həmrəylik və şənlik əhvalı yarada bilsə, onlar heç vaxt bir-biri ilə savaşmazlar. Çox şadam ki, bu dünyada ildə bir dəfə dünyanın bütün humanitarları arasında həmrəylik qayğısını könüllü surətdə öz üzərinə götürərək onları ən nüfuzlu Forumda bir yerə toplayan Bakı şəhəri var”.
J.Qolubitskaya AzərTAc nümayəndələrinin Forumun işinin işıqlandırılması zamanı peşəkarlığını vurğulayaraq, AzərTAc-ın baş direktoru Aslan Aslanova “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri” mövzusunda diskussiyaların açılışında sanballı giriş sözünə görə təşəkkürünü bildirdi.
J.Qolubitskata dedi: “Çox sevinirəm ki, Moskvadan təyyarə ilə üç saatlıq yoldan az məsafədə yerləşən gözəl, günəşli və mehriban bir şərq şəhəri bizim və sizin rifahınız naminə, uşaqlarımızın gələcəyi naminə bir neçə günlüyə sülh və həmrəylik mərkəzi funksiyasını öz üzərinə götürərək bütün dünyanın müdriklərini bir masa arxasında qonaq kimi topladı. Bakı Şərq ilə Qərbin heyrətamiz və çox uğurlu sintezidir. Müxtəlif dillərdə danışan insanlara qarşı səmimiyyət və tolerantlıq Böyük İpək Yolu üzərində yerləşən bu şəhərin qədim divarlarına hopub. Şəhərin ultramüasir arxitekturası, buradakı çoxsaylı butiklər, bahalı otellər, moda klubları, dünya səviyyəli premyeralar nümayiş etdirilən teatrlar, ən aktual moda ilə geyinmiş insanlar Azərbaycan paytaxtına qərblilərə xas olan üslub və parıltı verir. Azərbaycan tərəfi həm şərqlilərə xas olan qonaqpərvərlik, həm də yüksək peşəkarlıq, o cümlədən diplomatik peşəkarlıq nümayiş etdirdi. Bakı Forumu inandırıcı şəkildə göstərdi ki, tədbir savadlı təşkil edildikdə, məsələnin qoyuluşu mükəmməl olduqda ən müxtəlif millətlərin nümayəndələrini ümumi ideya ilə birləşdirmək olar. Biz hamımız nəinki bir şəhərdə və bir zalda, həm də bir masa arxasında özümüzü çox rahat hiss edirdik. Bütövlükdə Azərbaycan çoxsaylı xalqlar və milliyyətlər üçün böyük bir səmimi ailədirsə, Forum dövründə onun paytaxtı dünya miqyasında konsensusun əla miniatür modeli oldu”.
Müsahibim Forum çərçivəsində Gəncəyə səfərini xatırlayaraq qeyd etdi ki, bu, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin məzarını ziyarət etmək üçün bir fürsət idi. Janna Qolubitskaya dedi: “Bizə qədim alman məskənlərində gözəl bərpa edilmiş kilsələri, şəhərin yeni, öz gözəlliyinə və monumentallığına görə Parisdəki Zəfər Tağı ilə rəqabət apara biləcək möhtəşəm darvazalarını, Heydər Əliyev muzeyini, yaraşıqlı bağları və parkları göstərdilər. Bizi Naftalan şəhərinə apardılar. Orada yeni, gözəl və rahat sanatoriya tikilib, xüsusi növ neftin köməyilə müxtəlif xəstəlikləri nadir üsullarla müalicə edirlər. Azərbaycana səfərimdən sonra çoxlu diyarşünaslıq təəssüratlarım var. Mən onları doğma “Moskovskiy komsomolets” qəzetində “Turklub” rubrikasına hökmən şərh edəcəyəm. Hələlik isə bu tədbirin gözəl təşkilinə görə Azərbaycana, Bakıya və Forumun təşkilatçılarına bir daha təşəkkür etmək və bir ildən sonra yenə bu gözəl şəhərə və ibrətamiz, faydalı Foruma gedəcəyimə ümidvar olduğumu bildirmək istəyirəm”.

Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva