Azərbaycan-Argentina əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

Bakı, 2 noyabr (AzərTAc). Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan-Argentina əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir.
Z.Əsgərov qloballaşan dünyanı narahat edən mühüm problemlərin müzakirəsinə həsr edilmiş Forumun Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olacağını demişdir.
Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermişdir. O demişdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz və dərhal geri qaytarılması ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırmışdır ki, artıq dünyanın 12 ölkəsi 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini soyqırımı kimi tanıyır. Z.Əsgərov bu məsələnin yaxın zamanlarda Argentina parlamentində də müzakirəyə çıxarılacağına ümid etdiyini demişdir.
Argentina nümayəndə heyətinin rəhbəri Roberto Moulleran hər iki ölkənin demokratik inkişaf yolu keçməsini onları birləşdirən əsas cəhət kimi dəyərləndirmişdir. İqtisadi baxımdan əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Roberto Moulleran ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlığının olduğunu vurğulamışdır.
Bakıda keçirdikləri görüşlərdən danışan qonaq Azərbaycan Diplomatik Akademiyasında Argentinanın Azərbaycanın müstəqilliyini tanımasının 20 illiyi münasibətilə xüsusi tədbirin keçirildiyini xatırlatmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.