Lord Robert Skidelski: Azərbaycanın iqtisadi inkişafı sosial rifahının yaxşılaşmasına xidmət edir

Bakэ, 2 noyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu artıq dünya miqyasında böyük əks-səda doğurmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Qlobal Tədqiqatlar Mərkəzinin Direktoru, Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru Lord Robert Skidelski jurnalistlərə müsahibəsində demişdir.
Bakının inkişaf etmiş bir çox Qərb dövlətlərinin şəhərlərindən heç də geri qalmadığını vurğulayan britaniyalı qonaq azərbaycanlıların çox mehriban və qonaqpərvər olduqlarını qeyd etmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini deyən Robert Skidelski vurğulamışdır ki, bu tədbir bizə bir sıra mühüm məsələlərin müzakirəsinin və həlli yollarının tapılmasına imkan yaradır. Forum çərçivəsində iqtisadi böhrandan çıxmağın yollarından tutmuş millətlərarası münasibətlərin möhkəmlənməsinədək bütün məsələlərlə bağlı müzakirələr aparılmışdır. Nobel mükafatçılarının və dünya miqyaslı digər alim və mütəxəssislərin bir araya gəldikləri bu Forumun getdikcə qlobal əhəmiyyət daşıdığı anlaşılır.
Qonaq bildirmişdir ki, müxtəlif mədəniyyətləri, adət və ənənələri təmsil edən Forum iştirakçıları burada bir-birləri ilə tanış olur və qlobal əhəmiyyətli humanitar məsələlərə dair fikir mübadiləsi aparırlar. Bu da öz növbəsində qloballaşan dünyada bəşəriyyəti narahat edən məsələlərin həllinə, iqtisadi inkişafa öz töhfəsini verəcəkdir.