Nobel mükafatı laureatı Ada Yonat: Azərbaycanda gənclərin sosial-iqtisadi həyatda roluna geniş yer verilməsi təqdirəlayiq haldır

Bakı, 31 oktyabr (AzərTAc). Azərbaycanda gənclərin sosial-iqtisadi həyatda roluna geniş yer verilməsi təqdirəlayiq haldır. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən bu və digər məsələləri vətənimdə həmkarlarımla bölüşəcəyəm.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat demişdir.
Azərbaycan ilə İsrail arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ada Yonat ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndiyini söyləmiş, münasibətlərin inkişafına hər iki ölkənin iş adamları, siyasi və ictimai xadimlərin qarşılıqlı səfərlərinin töhfə verdiyini bildirmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan qonaq belə mötəbər tədbirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun genişlənməsinə böyük töhfə verəcəyini vurğulamışdır.
Bakıya artıq ikinci dəfə gəldiyini deyən A.Yonat şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açmışdır. Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir.
Bu yerlərdən zövq aldığını deyən A.Yonat Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır.